AZ

Bu gün Ermənistanda baş verən proseslər Azərbaycanın sülh təşəbbüsləri ilə birbaşa əlaqəlidir- ÖZƏL

"Ermənistanda daxili vəziyyətin getdikcə daha da gərginləşdiyi müşahidə olunur. Bunun əsas səbəbi isə Paşinyan iqtidarına qarşı birləşmiş müxalif "troika"nın mövcudluğudur. Bu troikanı üç əsas qüvvə təşkil edir: oliqarxiya, kilsə və keçmiş xunta nümayəndələri - yəni Robert Koçaryan və Serj Sarkisyan cütlüyü, həmçinin onların dövründə hakimiyyətdə olmuş şəxslər."

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Ermənistan Apostol Kilsəsinin uzun illər dini fəaliyyətlə yanaşı, siyasi proseslərə də müdaxilə etdiyi məlumdur. Bu qurumun dini missiyadan kənar fəaliyyəti artıq cəmiyyət tərəfindən də açıq şəkildə tənqid edilir. Oliqarxiya isə ənənəvi olaraq xarici dairələrə, xüsusilə Rusiyaya xidmət edir. Keçmiş xuntaya bağlı qüvvələr isə revanşist mövqedən çıxış edərək hakimiyyətə geri dönməyə çalışırlar.

Lakin hazırkı reallıq göstərir ki, bu qüvvələrin hələlik Paşinyana qarşı real siyasi üstünlüyü yoxdur. Onların parlamentdəki fraksiyaları zəifdir və ictimai dəstək baxımından da arzuolunan səviyyədə deyillər. Kilsə artıq açıq şəkildə Paşinyanı lənətləyəcək dərəcədə siyasi ritorikaya keçib, oliqarxlar isə iqtisadi təsirlərini qorumaq üçün mübarizə aparırlar. Buna baxmayaraq, Paşinyanın rəhbərlik etdiyi fraksiya hələ də parlamentdə əhəmiyyətli üstünlüyə malikdir və siyasi təşəbbüsü əldən vermir.

Ermənistanda baş verən bu proseslərin arxa planında əslində daha dərin səbəblər dayanır. Paşinyan əvvəlki rəhbərlərdən fərqli olaraq, regional reallıqları daha rasional şəkildə qəbul edir. Bu reallığı ona məhz Azərbaycan diktə etdi. 2020-ci ildə Azərbaycanın əldə etdiyi tarixi Qələbə və 2023-cü ilin 24 saatlıq antiterror əməliyyatı göstərdi ki, Ermənistan artıq Azərbaycanla heç bir parametrlə rəqabət apara bilməz. Bu, Paşinyan hökumətinə keçmiş işğalçı siyasətlərdən uzaqlaşmağın vacibliyini anladıb.

Əlbəttə, bu gün tam əminliklə demək olmaz ki, Ermənistan hakimiyyəti işğalçılıq siyasətindən tamamilə imtina edib. Lakin "troika"ya daxil olan qüvvələrlə müqayisədə Paşinyan hakimiyyəti daha realist mövqe sərgiləyir və onlarla dialoq qurmaq daha mümkün görünür.

Revanşist qüvvələr isə Paşinyanın bu mövqeyini "xəyanət" kimi təqdim etməyə çalışırlar. Halbuki, əsl xəyanətkarlar məhz keçmiş xunta rəhbərləri, siyasi ambisiyaları dini dəyərlərdən üstün tutan kilsə və xarici qüvvələrə bağlı oliqarxlardır. Bu qüvvələr zamanında Azərbaycan torpaqlarını işğal etməklə Ermənistanı işğalçı dövlətə çevirdilər, erməni xalqının şüurunu zəhərlədilər və onları faşizmə bənzər ideologiyaya sürüklədilər.

Nəticədə isə bu siyasət öz məğlubiyyətini yaşadı. Azərbaycan gücləndi, ərazi bütövlüyünü bərpa etdi və bu gün regionda sülhü bərqərar etməyə çalışan əsas aktora çevrildi.

Mən hesab edirəm ki, bu gün Ermənistanda baş verən proseslər Azərbaycanın sülh təşəbbüsləri ilə birbaşa əlaqəlidir. Bu təşəbbüslər Cənubi Qafqazda davamlı sabitliyin bərpası baxımından mühüm əhəmiyyət daşıyır."

 

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
50
olaylar.az

10Mənbələr