İsrail qüvvələri iyulun 3-də səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrində 73 fələstinlini qətlə yetirib, onlardan 33-ü yardım paylama mərkəzlərinin yaxınlığında toplaşan izdihamı hədəfə alması nəticəsində həlak olub. Vətəninfo.az xəbər verir ki , bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Ümumilikdə, 48 saat ərzində İsrailin hücumları nəticəsində 300-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.
İsrail qüvvələri İordan çayının qərb sahilində bir sıra genişmiqyaslı axtarış və reydlər zamanı 41 fələstinlini həbs edib.
İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir, sakinlərin Qəzzadan təxliyyə edilməsinin vacibliyini vurğulayaraq, İsrailin bütün Qəzzə üzərində nəzarəti qurmalı olduğunu bəyan edib.
Qəzza zolağının Səhiyyə Nazirliyi İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təcavüzü nəticəsində ölənlərin sayının 57 012, yaralıların sayının isə 134 592 nəfərə çatdığını açıqlayıb.
Fələstinin HƏMAS hərəkatının yaraqlılarının 1200-ə yaxın insanın ölümü və 250-yə yaxın insanın əsir götürülməsi ilə nəticələnən işğalına cavab olaraq İsrail Qəzza zolağında hərbi əməliyyatlara başlayıb.