AZ

Azərbaycan-Özbəkistan strateji müttəfiqliyi hər iki ölkənin siyasi və iqtisadi gücünü daha da möhkəmləndirir- ÖZƏL

"Özbəkistan Mərkəzi Asiyada strateji cəhətdən mühüm mövqeyə malik ölkədir. Çoxvektorlu siyasət yürüdən və Türk Dövlətləri Təşkilatının üzvü olan bu ölkənin regional və beynəlxalq əhəmiyyəti getdikcə artır. Azərbaycanla strateji müttəfiqlik isə hər iki ölkənin siyasi və iqtisadi gücünü daha da möhkəmləndirir."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Sevindirici haldır ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər həm dövlətlərarası səviyyədə, həm də liderlər arasında sıx dostluq və qarşılıqlı anlayış zəminində inkişaf edir. Mərkəzi Asiya ilə Qafqaz və Türkiyə arasında əməkdaşlıq xəttinin qurulmasında Azərbaycan və Türkiyə əsas rol oynayan iki ölkədir.

Azərbaycan ilə Özbəkistan arasında imzalanmış strateji müttəfiqlik sazişi hər iki ölkənin maraqları üçün geniş imkanlar açır. Hər iki ölkədə siyasi sabitliyin mövcudluğu qarşılıqlı investisiyaların və ticarət əlaqələrinin genişlənməsinə əlverişli şərait yaradır. Özbəkistanla Azərbaycan təbii müttəfiqlərdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizədə Özbəkistanın nümayiş etdirdiyi prinsipial və təəssübkeş dəstək unudulmazdır.

Özbəkistan-Azərbaycan münasibətləri zaman-zaman ciddi sınaqlardan keçmiş və öz möhkəmliyini sübut etmişdir. Hazırda bu əlaqələrin inkişafı üçün heç bir risk müşahidə olunmur. Özbəkistan işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edən ilk ölkələrdən biridir.

Ticarətin genişləndirilməsi və investisiyaların artırılması hər iki ölkə üçün prioritet sahələr sayılır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev dövlətlərarası əməkdaşlığın və birgə siyasətin perspektivlərini aydın şəkildə görürlər.

Mərkəzi Asiya və Qafqaz Çindən Avropaya uzanan geosiyasi xətt üzrə strateji mövqeyə malikdir. Bu bölgədə Qafqazda Azərbaycan, Mərkəzi Asiyada isə Özbəkistan lider mövqedədir. Avropa İttifaqının hər iki ölkəyə böyük ehtiyacı var. Hər iki ölkənin liderləri bu reallığı düzgün qiymətləndirir və siyasətlərini uzlaşdırmağa xüsusi diqqət yetirirlər.

Xüsusilə təmiz enerji sahəsində hər iki ölkənin böyük potensialı mövcuddur. Bu istiqamətdə birgə maliyyə mənbələrinin tapılması və böyük həcmli investisiyaların cəlb edilməsi Azərbaycan və Özbəkistanın Avropa üçün əhəmiyyətini daha da artıracaq.Prezidentlərin son görüşü bu sahədə mühüm layihələrin artıq işlənməkdə olduğunu göstərir."

 

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr