AZ

Tramp administrasiyası Bakı və İrəvana Zəngəzur dəhlizi üzrə plan təqdim edib - Rusiya kənarda qalır  

ABŞ prezidenti Donald Trampın administrasiyası Azərbaycan və Ermənistan tərəflərinə Zəngəzur dəhlizi ilə bağlı öz planını təqdim edib. Bu plan hələlik tam açıqlanmayıb və ciddi məxfilik rejimində saxlanılır. Lakin birə sıra kanallar vasitəsilə bəzi detallar mətbuata sızdırılıb.

Bu barədə ABŞ-ın Karnegi Fondu (Carnegie Foundation) nəzdində Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik məsələləri üzrə ekspert Olesya Vartanyan diplomatik dairələrdəki mənbələrə istinadən məlumat verib.

Ekspertin sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması kursunu davam etdirir. Bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan ilk dəfə bu ölkəyə səfər edib və İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunub.

“Müəyyən nəticələrin olmamasına baxmayaraq, İrəvan dialoqu davam etdirməyə daha çox hazırdır, çünki hesab edir ki, bu, Azərbaycanla yeni münaqişə risklərini azaldacaq və Ermənistana regionun nəqliyyat sistemində tranzit rolunu qaytaracaq”, - deyə müəllif yazır.

Olesya Vartanyan sensasiyalı bəyanatla çıxış edib

Ermənistanın baş naziri Osmanlı sultanlarının tarixi iqamətgahı və Türkiyə Respublikasının prezident administrasiyasının yerləşdiyi müasir xarici siyasət mərkəzlərindən biri olan Dolmabaxça sarayında qəbul olunub. Son illər bu Bosfor sahilində yerləşən tarixi bina Ukrayna ilə bağlı sülh təşəbbüslərindən tutmuş Suriyanın yeni rəhbərliyi ilə ilk təmaslara qədər əsas regional məsələlərin müzakirə olunduğu danışıqlar meydançasına çevrilib. Görünür, Paşinyanın İstanbula səfəri İrəvanın Türkiyənin regional proseslərdə artan rolunu qəbul etdiyinə dəlalət edir.

Əslində, amerikalı analitikin sözlərinə görə, Ankaranın təsiri İrəvan üçün hələ 2020-ci ildə Qarabağda baş vermiş 44 günlük müharibə dövründə aydın olub. Ermənistanın əvvəlki illərdə Türkiyə ilə birbaşa əlaqədən imtina etməsi, eləcə də Ankaranı danışıqlar formatından kənarlaşdıran rəsmi İrəvanın mövqeyi Ermənistanın sonradan Türkiyənin Azərbaycan mövqeyi ilə tam identifikasiyasına gətirib çıxaran strateji səhvi oldu.

Həmin dövrdə İrəvanla Ankara arasında birbaşa əlaqə kanalları mövcud deyildi və Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin qurulmasından imtinanın nəticələrini tam şəkildə hiss etdi. Sonradan yüksək vəzifəli erməni diplomatlardan biri etiraf etdi: “Nəticədə Türkiyə tamamilə Azərbaycanın tərəfini tutdu”.

Paşinyan türk sultanlarının sarayında sələflərinin səhvlərini düzəltməyə çalışdı

“2020-ci il müharibəsindən sonra Ermənistan hakimiyyətinin Türkiyə ilə əlaqələrin qurulmasını prioritet elan etməsi təsadüfi deyil, - deyə Vartanyan yazır. - Bu təşəbbüsü Qərb diplomatları da dəstəklədi və artıq bir il sonra Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşü baş tutdu. O vaxtdan İrəvan bu prosesi irəlilətməyə maraqlı olduğunu göstərmək üçün böyük səylər göstərir”.

Bununla belə, son illərdə Ermənistan hakimiyyəti tərəfindən Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan bütün addımlara, o cümlədən “soyqırımın” tanınması tələbindən imtinaya və digər jestlərə baxmayaraq, real nəticələr hələ də yoxdur - sərhədlər bağlı qalır və diplomatik münasibətlər qurulmayıb.

İrəliləyişin olmamasının səbəbləri aydındır. Türkiyə əldə olunan razılaşmaları yalnız Ermənistan və Azərbaycan sülh sazişi imzalayandan sonra həyata keçirməyə hazırdır ki, bu da hələ baş verməyib.

Vartanyanın vurğuladığı kimi, Ankara bundan sonrakı irəliləyişi Ermənistanla Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması ilə əlaqələndirir, bunun əsas maneələrindən biri isə Bakının Ermənistan Konstitusiyasının preambulasına, xüsusilə keçmiş Dağlıq Qarabağa ərazi iddialarına istinad edən 1990-cı il Müstəqillik Bəyannaməsinə dəyişiklik edilməsini tələb etməsidir.

Vaxt keçir, amma Ermənistanın Türkiyə ilə sərhədi hələ də bağlı qalır

Erməni tərəfi bildirir ki, ümumxalq referendumunun keçirilməsi tələb olunmadan belə dəyişikliklər hüquqi cəhətdən mümkün deyil, referendumun təşkili isə xeyli vaxt aparacaq. Bakı isə görünür, geri çəkilmək niyyətində deyil - 35 illik münaqişədən sonra Azərbaycan iki il də gözləməyi məqsədəuyğun hesab edir, çünki bu müddət həddən artıq gecikmə sayılmır.

Vartanyanın müşahidələrinə görə, Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını qaçılmaz proses kimi görür və bunun Cənubi Qafqazda Ankaranın iqtisadi və siyasi təsirini genişləndirəcəyinə inanır. Amma Türkiyənin strateji prioriteti - Azərbaycanla sıx tərəfdaşlıq dəyişməz qalır. Bu isə Ermənistan-Türkiyə siyasi dialoqunda kövrək irəliləyiş üçün müəyyən risk yaradır, xüsusilə Ermənistan-Azərbaycan sərhədində gərginlik hələ də qalır.

“Türkiyə ilə Azərbaycanın əlaqələri o qədər sıxdır ki, bu, Ermənistan-Türkiyə münasibətlərində əldə olunmuş irəliləyişləri hələ də heçə endirə bilər, - deyə Vartanyan hesab edir. - Xüsusilə Ermənistan-Azərbaycan sərhədində yeni eskalasiya baş verərsə, burada tərəflərin mövqeləri bəzən bir-birindən cəmi bir neçə metr məsafədə yerləşir. Bakının hərbi üstünlüyü isə aydındır - məsələ təkcə say və texnoloji üstünlükdə deyil, həm də Azərbaycanın Ermənistan daxilində strateji yüksəklikləri nəzarətdə saxlamasında. Hərbi ekspertlərin qiymətləndirməsinə görə, yeni münaqişə baş verəcəyi halda Azərbaycanın Ermənistan ərazisini iki yerə bölməsi üçün cəmi iki-üç gün kifayət edə bilər”.

Ekspertin sözlərinə görə, belə ssenaridən qaçmaq üçün Ankara dəfələrlə “sakit” diplomatiyaya əl atıb.

“Azərbaycan tərəfindən xüsusilə sərt bəyanatlar səsləndikdə, Türkiyə Bakıya nümayəndə heyətləri göndərərək tərəfdaşlarına təmkinli olmağın vacibliyini israrla xatırladırdı, - deyə Olesya Vartanyan yazır. - Bu barədə Türkiyə rəsmilərinin həvəslə təfərrüatları bölüşdüyü Qərb diplomatları danışırlar. Yəqin ki, Türkiyə bununla Cənubi Qafqazda sabitləşdirici rolunun Qərb ölkələri ilə münasibətlərini yaxşılaşdırmağa kömək edəcəyinə ümid edir”.

Vartanyan hesab edir ki, bu gün Türkiyə əslində regionda Azərbaycanın yeni münaqişəyə başlamaq qərarına real təsir göstərə biləcək yeganə ölkə olaraq qalır. Rusiya Ukraynada uzunmüddətli müharibəyə həddindən artıq qarışıb, İrana gəldikdə isə, o, həmişə Ermənistanın sərhədlərini hərbi yolla dəyişdirmək cəhdlərinə qarşı çıxıb, amma İsraillə sonuncu zərbə mübadiləsindən sonra əsas diqqətini hərbi və nüvə potensialının bərpasına yönəldib.

Zəngəzur dəhlizi layihəsi diplomatların masasında

Karnegi Fondunun eksperti qeyd edir ki, Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması yalnız Azərbaycanla yeni münaqişə riskini azaltmayacaq, həm də müsbət iqtisadi imkanlar yaradacaq. Lakin hazırda əsas həll olunmamış məsələ regionda nəqliyyat kommunikasiyalarının açılmasıdır.

Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirən və Ermənistan ərazisindən keçən marşrut (Zəngəzur dəhlizi - red.) gələcəkdə Asiyanı Avropa ilə birləşdirən beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək. Türkiyə üçün isə bu layihənin həyata keçirilməsi Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə birbaşa əlaqə deməkdir.

Amerikalı ekspertin yazdığına görə, Ermənistan üçün bu layihədə iştirak son dərəcə vacibdir. XX əsrin 90-cı illərində Birinci Qarabağ müharibəsindən sonra onun sərhədləri həm Türkiyə, həm də Azərbaycanla bağlı qalır. Bu isə Ermənistanı faktiki olaraq regiondakı bütün böyük nəqliyyat və enerji layihələrindən kənarlaşdırıb.

2020-ci ildə İkinci Qarabağ müharibəsində məğlubiyyətdən və sonra Ermənistanın muxtar vilayətinin Azərbaycanın siyasi xəritəsindən tamamilə yox olmasından sonra İrəvan heç olmasa qismən təcriddən çıxmağa can atır. İlk növbədə sərhədlərin açılması ilə. Artıq bir neçə ildir ki, Nikol Paşinyan Ermənistan ərazisindən tarixi keçmişi olan bütün nəqliyyat marşrutlarını bərpa edib istifadə etməyi təklif edərək “Sülh qovşağı” təşəbbüsünü irəlilətməkdədir.

Bakı isə ümumilikdə belə ssenariyə qarşı deyil. Amma israr edir ki, başlanğıc məhz Azərbaycanı Naxçıvanla birləşdirən cənub yolunun açılmasından olmalıdır. Bu layihə Bakının təklifi ilə İkinci Qarabağ müharibəsinin dayandırılması barədə üçtərəfli bəyanata daxil edilib. Həmin sənəd Moskvanın vasitəçiliyi ilə imzalanıb və gələcəkdə marşrutun idarə olunmasında Rusiyanın iştirakını nəzərdə tuturdu. Amma bu gün İrəvan belə sxemə qarşı çıxır və bütün məsələlərə - gömrük rüsumlarından və pasport nəzarətindən tutmuş təhlükəsizlik məsələlərinə qədər - özü nəzarət etmək niyyətində olduğunu bəyan edir.

Bakı isə cavab verir ki, hakimiyyət Ermənistanda dəyişərsə, taleyi sual altında qala biləcək nəqliyyat layihəsinə sərmayə qoymağa hazır deyil. Ona görə də Azərbaycan dəhlizin sabit işləməsinə cavabdeh olacaq xarici zəmanətçinin cəlb olunmasını tələb edir.

Bakı israr edir ki, başlanğıc Azərbaycanı Naxçıvanla birləşdirən cənub yolunun açılmasından olmalıdır

Belə mövqeni görünür, Türkiyə də bölüşür, baxmayaraq ki, İrəvan hələ də Ankaranı Ermənistanın marşruta tam nəzarət hüququnu tanımağa inandırmağa ümid edir.

Qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan danışıqları illərində tərəflər ən çox Avropa vasitəçilərinin səyləri nəticəsində kompromisə yaxınlaşıblar. Bir neçə il əvvəl Avropa İttifaqı 2008-ci il müharibəsindən sonra Rusiya ilə Gürcüstan arasında yaradılan presedenti əsas götürərək nəqliyyat marşrutlarının idarə edilməsini müstəqil xarici şirkətə verməyi təklif etdi. Həmin vaxt söhbət Abxaziya və Cənubi Osetiya vasitəsilə yükdaşımalar barədə gedirdi və nəzarəti mütəmadi olaraq bütün maraqlı tərəflərlə məlumat mübadiləsi aparmağa borclu olan İsveçrə operatoru həyata keçirməli idi.

Vəziyyətin mühüm fərqlərinə baxmayaraq, bu mexanizm Ermənistan və Azərbaycana da təklif olunmuşdu. Amma müzakirələrdə irəliləyişə nail olunmadı. Əvvəlcə Aİ-nin cəhdləri Ermənistan-Azərbaycan sərhədində yeni gərginlik dalğası səbəbindən pozuldu, daha sonra isə 2023-cü ildə Qarabağda eskalasiya baş verdi.

“Bu gün danışıqları ABŞ canlandıra bilər, - deyə Olesya Vartanyan yazır. - İki xarici diplomatın mənə bildirdiyinə görə, dünya üzrə münaqişələrin həllinə yönəlmiş kurs götürən Donald Tramp administrasiyası Ermənistana və Azərbaycana öz planını təklif edib. Ümumi xətlər üzrə o, Aİ-nin təkliflərini təkrarlayır, amma Amerika məntiqinə əsaslanır: sazişin dayanıqlığını ABŞ biznesinin birbaşa iştirakı hesabına təmin etmək. Yəni Ukraynada nadir metallar üzrə razılaşmanın nümunəsinə uyğun olaraq”.

Vartanyanın fikrincə, prosesi tərpətmək üçün Vaşinqton kifayət qədər ciddi səylər göstərməli olacaq. Birinci variant — Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı tələblərindən imtina etməsinə nail olmaq — ekspertin fikrincə, az realdır. Daha mümkün ikinci variant isə Vaşinqtonun İrəvana təzyiq göstərməsi və Ermənistanın ABŞ-ın təklif etdiyi “Zəngəzur dəhlizi” modelinə razı olmasına nail olmasıdır. Bu isə, çox güman ki, Ermənistanın yaxın vaxtlarda hərtərəfli sülh sazişinə və beləliklə bütün sərhədlərin açılmasına və uzunmüddətli təcridin sona çatmasına ümidlərindən imtinası demək olacaq.

Tramp Ermənistan və Azərbaycana nə təklif edir?

“Baxmayaraq ki, müzakirələr hələ ilkin mərhələdədir və detallar dəyişə bilər, amerikalı rəsmilərdən biri uğura əmin olduğunu ifadə etdi, - deyə Vartanyan yazır. - Ola bilər ki, Tramp bunun üçün hətta Nobel mükafatı da alsın. Tonundan belə görünürdü ki, o bunu tamamilə ciddi deyirdi”.

Xatırladaq ki, əvvəlki günlərdə Moskva ilə Bakı arasında münasibətlərin kəskinləşməsi fonunda Rusiyanın Xarici İşlər Nazirliyinin 4-cü departamentinin direktoru Dmitri Masyuk bəyan etmişdi ki, “Qərb ölkələri Azərbaycan və Ermənistanı sülh sazişini tələsik imzalamağa məcbur edirlər”. Masyukun sözlərinə görə, Qərb Moskvanı Bakı ilə İrəvan arasında normallaşma prosesindən sıxışdırıb çıxarmağa çalışır. Rusiya diplomatı həmçinin qeyd edib ki, Moskvanın fikrincə, davamlı nizamlanma yalnız “2020-2022-ci illərdə Rusiyanın iştirakı ilə əldə olunmuş üçtərəfli razılaşmalar çərçivəsində mümkündür”.

Bu bəyanat Moskvanın Bakı üzərinə təzyiqinin səbəblərindən birinin Ermənistan-Azərbaycan sülh sazişi ətrafında baş verən proseslər, həmçinin Donald Tramp administrasiyasının bu prosesə cəlb olunması və ABŞ-ın Zəngəzur dəhlizində iqtisadi maraqlarının təmin edilməsini nəzərdə tutan plan irəli sürməsi olduğunu düşünməyə əsas verir.

Orijinal link

Mənbə: haqqin.az
Müəllif: Fərhad Məmmədov

Seçilən
17
50
musavat.com

10Mənbələr