Xorvatiya millisinin sabiq futbolçusu, karyerası ərzində Almaniyanın “Bayer Leverkuzen”, “Ştuttqart” və “Verder Bremen” kimi tanınmış komandalarında çıxış etmiş Yuritsa Vranyeşin AZƏRTAC-a eksklüziv müsahibəsi
- “Hayduk” Konfrans Liqasında Azərbaycan təmsilçisi “Zirə” ilə qarşılaşacaq. Bu oyunda şansları necə qiymətləndirirsiniz?
-“Hayduk mütləq şəkildə qalib gəlməlidir. Geridə qalan mövsümdə çempion olmağa yaxın idilər. Lakin alınmadı. İndi azarkeşlər komandalarından qələbə gözləyirlər. Xorvatiyada “Zirə”ni çox da tanımırlar və rəqibi güclü hesab etmirlər. Buna görə də təmsilçimiz qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmalıdır.
- Xorvatiya komandasını necə xarakterizə edərdiniz?
- “Hayduk” Xorvatiyada böyük klublardan biridir. Ötən mövsüm komandaya rəhbərlik edən italiyalı keçmiş futbolçu Cennaro Qattuzo klub üçün böyük ad idi. Rəhbərlik və bütün Split şəhəri onu dəstəkləyirdi. Amma bu, onların çempion olmasına kifayət etmədi. Daha sonra Qattuzo postundan ayrıldı. Yeni gələn mütəxəssis ispandır. “İstra”dan gəlib. Çox yaxşı məşqçidir. Lakin “İstra” və “Hayduk” arasında fərq çoxdur. Təzyiq altında işləmək ona çətinlik yaradacaq.
- “Zirə” haqqında hansı informasiyaya sahibsiniz?
- Mən yalnız “Zirə”ni tanıyıram. Bir az əvvəl dediyim kimi, bu komanda xorvat azarkeşlər üçün yaddır. Sadəcə, “Osiyek”lə oyunlar insanların yaddaşında qalıb. Həmin matçda Azərbaycan təmsilçisi sevinən tərəf olmuşdu. Bəzən futbolda pul həlledici rol oynamır. Kiçik komanda belə sürprizlər edir. “Zirə” də öz oyunu ilə “Hayduk”u təəccübləndirə bilər. Split klubu hər şeyə hazır olmalıdır. Çempionluğu itirdilər. Azarkeşlər gələcəkdə onlardan çox yaxşı nəticələr gözləyirlər.
- Azərbaycan futbolu barədə nə bilirsiniz?
- Düzünü desəm, keçmişlə bağlı çox şeyi xatırlamıram. Mənim “Bayer Leverkuzen”dəki sabiq baş məşqçim Berti Foqts və Xorvatiya yığmasında komanda yoldaşım olmuş Robert Prosneçki Azərbaycan millisində işləyib. Azərbaycan futbolu deyiləndə ağlıma ilk olaraq “Qarabağ” gəlir. Bu komandanın heyətində güclü futbolçular var. Avropada uğurla çıxış edirlər. Transferlərdən də yaxşı pul qazanırlar. Hətta “Qarabağ”ın Sloveniyanın "Olimpiya" (Lyubyana) klubuna qarşı matçını da izləmişəm.
- Maraqlıdır, Azərbaycan klublarından hansında çalışmaq istərdiniz?
-Bu barədə düşünməmişəm (gülür).
İdman.biz