AZ

Xaricə istirahətə getmək istəyənlər mütləq oxusun - Məşhur şəhərlərdə səyahət yolları

Yay gəlib, amma paytaxt Bakı və Azərbaycanın bir çox bölgəsində hava hələ də gözlənilən qədər qızmayıb.

Bu günədək  davam edən sərin və yağışlı hava, bir çox vətəndaşı yay istirahəti üçün xarici ölkələrə üz tutmağa vadar edir. Ənənəvi olaraq, dəniz, günəş və rahatlıq axtaran turistlərin seçimi bu il də dəyişmir: Azərbaycanlıların yay səyahət xəritəsində yenə də Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Monteneqro, İtaliya kimi ölkələr üstünlük təşkil edir.

Bəs görəsən, bu yay istirahətə çıxmağı düşünənlər üçün ən əlverişli ölkələr hansılardır? Hansı dövlətlərə səyahət vizasızdır, hansılara ölkəmizdən birbaşa reysdər gedir?

Far.Az yay aylarında səyahətə çıxmaq istəyənləri düşündürən bu və digər suallara cavab tapmaq üçün araşdırma apardı. 

Türkiyə 

Qiymət münasib, oxşar ənənələr, üstəlik, dil baryeri yox... 1 aprel 2021-ci ildən bu günə kimi Azərbaycan vətəndaşları tək şəxsiyyət vəsiqəsi ilə Türkiyənin istənilən bölgəsinə rahat səfər edə bilirlər. Həmçinin Azərbaycandan Türkiyəyə, eləcə də oradan ölkəmizə demək olar ki hər gün uçuşlar həyata keçirilir. Bu da yerli turistlərin səfərini daha da rahatlaşdırır.

Məzənnəyə əsasən 1 Azərbaycan manatı 23.4 lirədir.

Mərakeş 

Qırmızı torpaqlar, mozaik məbədlər və rəngli xalçalar… Nağıllar ölkəsi Mərakeş də Azərbaycan vətəndaşlarının vizasız səfər edə bildiyi ölkələr sırasındadır. Belə ki, vətəndaşlarımız pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşə 90 günə qədər qalma müddəti ilə vizasız səfər edə bilir. Mərakeşə Azərbaycandan birbaşa uçuşlar mövcuddur. Mərakeşin pul vahidi BƏƏ dirhəmidir. Yəni, Mərakeşdə alış-veriş və ya digər maliyyə əməliyyatları üçün dirhəm istifadə olunur. 

Məzənnəyə əsasən 1 Azərbaycan manatı 5.27 Mərakeş dirhəmidir. 

BƏƏ (Dubay)

Ucsuz-bucaqsız səhralarla göydələnlərin vəhdəti olan unikal ölkə: Dubayda lüks göydələnlər səhraya kölgə salır. İstirahət burada alış-veriş, dəniz və texnologiya ilə iç-içədir. 2023-cü ildən bəri ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala bilirlər.

Azərbaycandan Dubaya münasib qiymətə və birbaşa reyslər həyata keçirilir. Bundan başqa, məzənnəyə əsasən 1 Azərbaycan manatı 2.15 BƏƏ dirhəmidir.

Qətər (Doha)

Qətərin incisi hesab edilən Doha tarix və müasirliyin zərif qovuşmasıdır. Burada Ərəb incəliyini və Qərb dəbdəbəsini tək məkanda tapmaq olar. Azərbaycan vətəndaşları Qətərə vizasız rejimlə səyahət edə bilərlər. Bu imkan 30 günə qədər ölkədə qalmağa icazə verir.  Qətər əmirliyinin pul vahidi Qətər rialıdır. 

İndoneziya (Bali) 

Balinın gülərüzlü insanları, rituallarla dolu gündəlik həyatı və palma ağaclarının sədası…

Azərbaycandan İndoneziyaya səyahət viza rejimi əsasında həyata keçirilsə də proses olduqca sadədir. Belə ki, hava limanında viza alına bilər (Visa on Arrival). İndoneziyanın rəsmi pul vahidi Rupiyadır (Rp). Məzənnəyə əsasən 1 Azərbaycan manatı 9,51 rupiyadır.

Monteneqro 

Adriatik sahilinin mavi suları, qədim şəhər divarları və sakit küçələri ilə göz oxşayan Monteneqro son illərdə vətəndaşlarımızın üz tutduğu məşhur kurort ölkəsinə çevrilib. Burada həm Avropa görkəmi, həm Şərq rahatlığı hiss edilir. Yerli turistlərimiz Monteneqroda vizasız 90 gün sərbəst istirahət edə bilirlər.  Monteneqronun rəsmi pul vahidi avrodur. Məzənnəyə əsasən 1 Azərbaycan manatı 0.49 avrodur.

Çin 

Çinin paytaxtı olan Pekin, tarixi və mədəni zənginlikləri ilə dünyaca məşhurdur. Çinə səfər fərqli mədəniyyət, adət ənənələr və duyğular vəd edir. Böyük Çin Səddi boyunca addımlamaq tarixi canlı yaşamaq kimidir.

Bu il qəbul edilən qərarla Azərbaycan vətəndaşları Çinə vizasız səfər edə bilər. Həmçinin AZAL Bakıdan Pekinə birbaşa uçuşlar təşkil edir. Üstəlik tur şirkətləri münasib qiymətə bu ölkəyə səfəri daha da rahat edir. Çinin pul vahidi Yuandır. Məzənnəyə əsasən 1 Azərbaycan manatı 4.20 yuan təşkil edir.

Gürcüstan

Tbilisinin daş küçələri, Batuminin sahili, Kaxetinin şərabları… Azərbaycanlı turist üçün həm yaxın, həm də fərqlidir. 

Hazırda Azərbaycandan Gürcüstana hava yolu ilə birbaşa uçuşlar həyata keçirilir ki, bu da qonşu ölkəyə səfəri daha rahat və yaxın edir. Gürcüstan həm də yerli turistlərimiz üçün alış-veriş imkanı təqdim edir. Qonşu ölkənin pul vahidi Gürcüstan Larisidir. Hazırda 1 Azərbaycan manatı 1.59 Gürcüstan larisi təşkil edir.

İtaliya

İtaliyaya getmək üçün Şengen vizası tələb olunur. Lakin Roma, Florensiya, Venesiya kimi unikal gözəllikləri görməyə dəyər. İtaliya dad, görüntü və hissin üçlüyüdür. Makarondan muzeyədək hər şey sənətkarlıqla yoğrulub. Bura alış-veriş, moda və dəb sevərlər üçün unikal ölkə sayılır. İtaliyanın rəsmi pul vahidi avrodur. Məzənnəyə əsasən 1 Azərbaycan manatı 0.49 avrodur.

Seçilən
17
1
far.az

2Mənbələr