Yəqin ki, məşhur “Ayrılıq” mahnısını heç olmasa bircə dəfə dinləməyən az adam olar. Onun yaranmasından 70 ilə yaxın vaxt ötür. Ağrını, həsrəti və kədəri ifadə edən bu mahnı Azərbaycan musiqisinin klassik nümunələrindən biri sayılır və sözləri, melodiyası ilə illərdir insanların qəlbində xüsusi yer tutur.”Ayrılıq” həm də insanların doğma torpaqdan, vətəndən ayrı düşməsini simvolizə edir.
Bəs bu mahnı necə yaranıb, onun tarixçəsi haqda nə bilirik?
Bu günlərdə Modern.az-ın redaksiyasında qonaq olan dünya şöhrətli müğənni Rəşid Behbudovun kürəkəni Kamil Şahverdi bizə bir fotoşəklil təqdim etdi. Bu foto 1962-ci ildə Xalq artisti Rəşid Behbudov İranda qastrol səfərində olarkən lentə alınıb.
Modern.az saytı həmin fotonu “Bir şəklin tarixçəsi” rubrikasında təqdim edir.
Zaman 1962-ci il, məkan İran İslam Respublikası... Azərbaycandan İrana köçmüş bəstəkar Əli Səliminin Tehrandakı evi...
O zaman İranda böyük müvəffəqiyyətlə keçən konsertdən sonra orada yaşayan azərbaycanlı bəstəkar Əli Səlimi Rəşid Behbudovu evinə dəvət edib. Dəvəti qəbul edən müğənni bəstəkarın qonağı olur. Maraqlı söhbət zamanı Əli Səlimi yenicə bəstələdiyi "Sizə salam gətirmişəm" mahnısını sənətkara göstərir. Müğənni mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək ondan digər mahnını da təqdim etməsini istəyir. Lakin Əli Səlimi tərəddüd edir. Onda Rəşid Behbudov məsələnin təfərrüatını öyrənmək istəyir.
Əli Səlimi deyir ki, bəs bir mahnı da var, amma inanmır onu Azərbaycanda ifa etməyə icazə verələr. Sonra bəstəkar tarda ifa edir, həyat yoldaşı da başlayır oxumağa.
Rəşid Behbudov elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni Əli Səlimidən bunun kimin mahnısı olduğunu soruşur.
Əli Səlimi bildirir ki, şair Fərhad İbrahimi "Ayrılıq" adlı gözəl bir şeir yazıb. O da həmin şeirə mahnı bəstələyib.
Rəşid Behbudov bəstəkara irad tutur ki, bəs nəyə görə "Ayrılıq" mahnısını ona təklif etmirdi? Əli Səlimi cavabında izah edir ki, qorxub ki, o tay-bu tay azərbaycanlılarının həsrətini ifadə edən “Ayrılıq" görkəmli müğənniyə SSRİ-də başağrısı olar.
Rəşid Behbudov qətiyyətlə bildirir ki, tezliklə hər iki mahnını onun ifasında eşidəcəklər. Bakıya dönəndən sonra sənətkar həqiqətən də hər iki mahnını - "Sizə salam gətirmişəm" və "Ayrılıq" mahnılarını ifa edərək lentə yazdırır.
1988-89-cu illərdə Azərbaycanda milli-azadlıq hərəkatı başlayanda “Ayrılıq” mahnısı yenidən gündəmə gəlir. Bu dəfə digər məşhur müğənni Yaqub Zürüfçunun ifasında.
Almaniyada yaşayan Yaqub Zurufçü Xalq artisti Gülağa Məmmədovun köməyilə Azərbaycana gəlir, onun "Ayrılıq" mahnısına çəkdirdiyi məşhur klip AzTV-də yayımlanır və bu bəstə bir daha xalq tərəfindən sevilir. Azərbaycan Milli Azadlıq Hərəkatı zamanında "Ayrılıq" mahnısı milli-mənəvi dirçəlişə təkan verir.
Həmin dövrdə Yaqub Zurufçu özü də "Azadlıq" meydanında "Ayrılıq" mahnısını ifa edib.
Arayış: Əli Səlimi 1922-ci ildə Bakı şəhərində “Kubinka” məhləsində dünyaya göz açıb. Atasi Ərdəbil şəhərindən Bakıya köçən azərbaycanlı idi, anası isə Bakının Pirşağı kəndində doğulmuşdu. Əli Səlimi Bakıda tar məktəbini bitirəndən sonra Azərbaycanın orkestr və ansambllarında çıxış edirb. 1938-ci ildə o, repressiyadan yayaınmaq üçün ailəsilə birgə İrana - Ərdəbilə köçməli olur. Daha sonra oradan da Tehrana köçürlər.
"Ayrılıq" mahnısının ilk ifaçısı Əli Səliminin xanımı Fatimə Qənnadi olub. Lakin mahnıda siyasi motivlər olduğundan uzun müddət onun efirlərdə səsləndirilməsinə icazə verilməyib.
Əli Səlimi 22 aprel 1997-ci ildə Təbrizə vəfat edib.
Ə.Qafarlı