AZ

İran Qrossiyə ölkəyə giriş qadağası qoyub

BAKI, TurkicWorld

Pezeşkian MAQATE-nin İran obyektlərinə çıxışını bloklayıb.

TurkicWorld xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian parlamentin iyunun 25-də qəbul etdiyi və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı rəsmi olaraq dayandıran qanunu təsdiq edib.

Bu qərar qüvvəyə mindikdən sonra MAQATE müfəttişlərinin İrana girişi və ölkədəki nüvə obyektlərinə çıxışı tamamilə qadağan olunub.

Tehran bu addımı ABŞ və İsrailin İranın nüvə obyektlərinə son hücumlarını pisləmədiyi üçün atdığını bildirib. Qərara əsasən, artıq İran MAQATE-yə heç bir hesabat təqdim etməyəcək, müfəttişlər isə nəzarət və yoxlama fəaliyyətlərindən tamamilə kənarlaşdırılıb.

İranla MAQATE arasında gərginliyin artdığı bir vaxtda agentliyin rəhbəri Rafael Qrossinin ölkəyə daxil olması da qadağan edilib.

Xatırladaq ki, İsrailin xarici işlər naziri Gideon Saar bu addımı “İranın öz öhdəliklərindən yayınması” kimi qiymətləndirərək Avropa dövlətlərini BMT sanksiyalarını bərpa etməyə çağırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus da İranın MAQATE ilə əməkdaşlığı dayandırmasını “qəbuledilməz” adlandırıb.

İranın xarici işlər naziri Abbas Arakçi CBS News-a açıqlamasında bildirib ki, ABŞ-ın Fordo nüvə obyektinə hücumu ciddi struktur ziyanına səbəb olub. Pentagon isə hücumdan sonra verdiyi şərhdə İranın nüvə proqramının azı 1-2 il geriyə atıldığını iddia edib.

Qeyd edək ki, İranın zənginləşdirilmiş uran ehtiyatları 60 faiz həddinə çatmışdı və bu, beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olmuşdu. Tehran bu addımın suverenliyini qorumaq üçün atıldığını bəyan etsə də, qərar bölgədə onsuz da həssas olan gərginliyi daha da artırıb.

Seçilən
10
50
turkic.world

10Mənbələr