AZ

Gənclər örnək götürərək öyrənməyə meyillidirlər SOSİOLOQ ŞƏRH ETDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Müasir dövr texnologiyanın sürətlə inkişaf etdiyi, informasiyanın saniyələrlə yayıldığı bir zamandır. Rəqəmsal alətlər, sosial şəbəkələr, qısa videolar və digər internet məzmunları gənclərin gündəlik həyatında önəmli yer tutur. Bu isə ənənəvi oxu vərdişlərinin, xüsusilə də kitab oxuma mədəniyyətinin tədricən arxa plana keçməsinə səbəb olur. Sosioloji baxımdan bu tendensiya yalnız fərdi deyil, həm də ictimai dəyərlərin dəyişməsi ilə bağlı ciddi bir məsələdir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, gəncləri yenidən kitaba yönəltmək üçün əvvəlcə onu anlamaq lazımdır ki, bu nəsil sürətli, interaktiv və vizual informasiyaya vərdiş edib. Bu səbəbdən kitab oxuma vərdişinin yenidən formalaşdırılması üçün ənənəvi yanaşmalar kifayət etmir. Yeni metodlara, innovativ təşviq mexanizmlərinə ehtiyac var: "İlk növbədə, kitabların təqdimat üsulları dəyişməlidir. Gənclərə kitabları sevdirmək üçün onları maraqlandıra biləcək, həyatlarında aktuallıq kəsb edən mövzularda əsərlər tövsiyə edilməlidir. Məsələn, psixologiya, motivasiya, şəxsi inkişaf, bədii ədəbiyyatda gənclərin özlərini tapa biləcəkləri qəhrəmanlarla dolu kitablar bu məqsədə uyğundur.

Bundan əlavə, rəqəmsal mühiti kitablarla birləşdirmək çox effektiv ola bilər. Məsələn, mobil tətbiqlər, e-kitablar, audio kitablar və ya interaktiv müzakirə platformaları vasitəsilə gənclərin oxuduqları kitablar haqqında düşüncələrini bölüşməsinə şərait yaradılmalıdır. Kitab oxumaq təkcə tənha bir fəaliyyət kimi deyil, həm də sosial bir proses kimi təqdim olunarsa, gənclər bu fəaliyyətə daha böyük maraq göstərəcəklər.

Sosioloji araşdırmalar göstərir ki, gənclər örnək götürərək öyrənməyə meyillidirlər. Ona görə də tanınmış şəxslərin – müəllimlərin, blogerlərin, sənət adamlarının kitab oxumağa dair tövsiyələri, paylaşdığı şəxsi təcrübələr və müzakirələr gənclər üzərində təsirli ola bilər. Sosial mediada #oxuçağırışları, "aylıq kitab klubu" kimi kampaniyalar da gənclərin marağını cəlb edə bilər. Məktəblərdə və universitetlərdə kitabxanaların müasir və cəlbedici formada təşkil olunması da vacibdir. Təkcə kitab rəfləri ilə dolu otaqlar yox, eyni zamanda rahat, interaktiv və gənclərin özünü ifadə edə biləcəyi kitab zonaları yaradılmalıdır. Bu cür məkanlar kitab oxuma prosesini məcburiyyət kimi yox, zövq alınacaq bir fəaliyyət kimi təqdim edir.

Sonda qeyd etmək istəyirəm ki, kitab oxumaq təkcə bilik toplamaq deyil, həm də insanın dünyagörüşünü formalaşdıran, onun daxili zənginliyini artıran mühüm bir mədəni fəaliyyət növüdür. Rəqəmsal dövrün imkanlarından faydalanaraq gəncləri yenidən kitaba qaytarmaq mümkündür – sadəcə onları başa düşmək, doğru yanaşma və müasir metodlardan istifadə etmək lazımdır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
20
sia.az

10Mənbələr