AZ

Türkiyəli ekspert: Ankara Cənubi Qafqaz üzrə siyasətini Bakı ilə əlaqələndirməyə davam etməlidir

Ankara, 3 iyul, AZƏRTAC

Ankara Cənubi Qafqaz üzrə siyasətini Bakı ilə əlaqələndirməyə davam etməli, iki qardaş ölkənin strateji müttəfiqliyi çərçivəsində Bakı ilə əlaqələri möhkəmləndirməli və dərinləşdirməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərlə söhbətində İstanbuldakı Memar Sinan İncəsənət Universitetinin dosenti Tuğba Eray Biber ifadə edib.

O, Cənubi Qafqazda uzunmüddətli sabitliyin və sülhün Türkiyənin özünün maraqlarına uyğun olduğunu, geosiyasi risklərin mənfi təsirini azaltmaq üçün Ankaranın yeni rıçaq əldə edəcəyini vurğulayıb. Eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin olmaması Cənubi Qafqazdakı vəziyyəti danışıqlar prosesini geriyə atacaq təxribatlara qarşı həssas edir. “Təxribatlar və ya sərhədyanı ərazilərdə atışmalar nəticəsində mülki əhalinin həlak olması Ankaranın bölgədəki planlarına da təsir göstərə və onun mövqelərini zəiflədə bilər”, -deyə ekspert diqqətə çatdırıb.

Türkiyəli analitikin sözlərinə görə, Ankaranın tarazlaşdırılmış və düşünülmüş siyasəti sabitliyin pozulmasının qarşısını almaq üçün tərəflərin mövqelərinin yaxınlaşmasına və etimad bazasının formalaşmasına töhfə verməlidir.

T.E.Biber Bakı ilə İrəvan arasında dialoqun erməni diasporunun və ya danışıqlar prosesində iştirak etməyən ölkələrin təxribat ssenarilərini regionda sülh üçün risk faktorlarından biri adlandırıb.

Memar Sinan Universitetinin dosenti, həmçinin Ankaranın türk dövlətləri ilə əlaqələrinin inkişafına mühüm töhfə verəcək və Türkiyəni əsas mərkəzə çevirəcək Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayıb.

“Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında ticarəti inkişaf etdirməklə yanaşı, həm də Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında iqtisadi və siyasi yaxınlaşma üçün stimul olacaq. İrəvan uzunmüddətli təcrid vəziyyətindən çıxacaq və Cənubi Qafqaz regionunda rifahın yaxşılaşması üçün yeni şərait yaranacaq”, -deyə türkiyəli ekspert sözlərinə yekun vurub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Seçilən
21
41
azertag.az

10Mənbələr