Cənubi Qafqazda nəqliyyat infrastrukturunun açılması Ermənistan üçün mühüm prioritet olub və belə də qalır.
"Unikal" xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan açıqlayıb.
Karnegi nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən yol məsələsi ilə bağlı İrəvan və Bakıya təklif təqdim edib. XİN rəsmisi bu barədə suala belə cavab verib: "Məlum olduğu kimi, Ermənistan regional əlaqə ilə bağlı "Sülhün kəsişməsi" vizyonunu təklif edib və bu, artıq bir sıra beynəlxalq tərəfdaşlardan müsbət cavab alıb. Bundan başqa, Ermənistan bu təşəbbüsə uyğun olaraq bütün iştirakçı tərəflər üçün məqbul ola biləcək bir sıra həll yolları təklif edib. Eyni zamanda, müxtəlif beynəlxalq tərəfdaşlar da vaxtaşırı olaraq Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, iki ölkə arasında infrastruktur, o cümlədən nəqliyyat əlaqələrinin normallaşdırılmasına dair öz ideyalarını təqdim edirlər".
Ani Badalyanın sözlərinə görə, regionun geniş potensialını reallaşdıran faydalı nəticələr əldə etmək üçün bütün maraqlı tərəfdaşlarla müzakirələr davam etdirilir.
Ağarza Elçinoğlu