Xalq qazeti saytına istinadən ain.az xəbər verir.
Rusiya Jurnalistlər İttifaqı (RJİ) Bakıda “Sputnik-Azərbaycan”ın iki əməkdaşının saxlanılması ilə bağlı bəyanat verib. Bəyanatda əməliyyatı həyata keçirən güc strukturlarının hərəkətini “jurnalistlərin hüquqlarının kobud şəkildə pozulması” kimi yozan RJİ Azərbaycan hakimiyyəti qarşısında “saxlanılanların təcili azad edilməsi”, rusiyalı diplomat və vəkillərin “onların yanına buraxılmaları” tələbini qoyur. Bəyanata siyasi çalar qatan RJİ hadisəni, “sadəcə, söz azadlığına vurulan zərbə” deyil, ölkələrimiz arasında münasibətlərin “pisləşməsinə doğru atılan addım” saydığını bəyan edir. Sonda RJİ ultimativ formada jurnalistlərin hüquqlarını qorumaq üçün beynəlxalq təşkilatlara müraciət etdiyini vurğulayır. Bəyanatın yuxarıdan edilən sifarişin icrası olduğu şübhə doğurmur. Bəs RJİ Azərbaycana qarşı irəli sürdüyü tələb və iddialarında beynəlxalq hüquqa nə dərəcədə əməl edib? Bu və digər suallarımızı Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı cavablandırır.
– Elçin bəy, Rusiya Jurnalistlər İttifaqı Bakıda “Sputnik-Azərbaycan”ın əməkdaşlarının saxlanılmasını jurnalistlərin hüquqlarının kobud şəkildə pozulması kimi qələmə verməyə çalışır...
– Rusiya Jurnalistlər İttifaqının “Sputnik-Azərbaycan”ın iki əməkdaşının saxlanılması və məhkəmənin onlar barəsində dörd aylıq həbs qəti-imkan tədbiri seçməsinə etirazını haradasa başa düşmək olar, amma heç cür haqq qazandırmaq olmaz. Söhbət ondan gedir ki, bir müddət bundan əvvəl Azərbaycan hökuməti bu qurumun respublika ərazisində fəaliyyətini dayandırıb. Həmin iki adam isə orada qalıb işləyirmiş. Təbii ki, Azərbaycan xüsusi xidmət orqanları o adamlar bura gəldikləri gündən kimliklərini yaxşı bilirdilər. Sadəcə olaraq, müəyyən prioritetlər, oyun qaydaları var ki, onlara əsasən toxunmurdular. Bəlkə nəzarət altında saxlamaqla heç toxunmayacaqdılar da. Fəqət Rusiya özü “qaşınmayan yerdən qan çıxardı”. Hesab edirəm ki, Rusiya Jurnalistlər İttifaqının heç nədən hay-küy salmasına bəraət qazandırmaq olmaz. Növbətçi bir bəyanat veriblər, onun da elə böyük əhəmiyyəti yoxdur. Yəni, görməli olduqları işlərini yerinə yetiriblər. Biz onların bəyanatı ilə razılaşmırıq. Çünki “Sputnik-Azərbaycan” fəaliyyəti dayandırılmış bir media subyektidir. Həbs olunan iki adamdan birinin jurnalistikaya aidiyyəti yoxdur. İcraçı direktordur. Bəli, saxlanılıblar, istintaq orqanı öz işini görəcək və əgər günahları yoxdursa, ədalət məhkəməsi buna müvafiq sözünü deyəcək.
– Bəs RJİ-nin saxlanılanların təcili buraxlılması tələbi qanunvericiliyə nə dərəcədə uyğundur?
– Rusiyalı jurnalistlərin təcili şəkildə azadlığa buraxılması ilə bağlı tələb heç bir qanunvericiliyə uyğun sayıla bilməz. Sadəcə olaraq, bu, RJİ-nin qarışqadan fil düzəltmək cəhdidir. Təkrar edirəm, saxlanılanların fəaliyyəti istintaq tərəfindən araşdırılacaq və əgər ortada qanun pozuntusu yoxdursa, məhkəmə öz qərarını açıqlayacaq. İki əməkdaşın sonrakı aqibəti məhz ondan sonra müəyyənləşəcək.
– Onların istintaqın şəffaf aparılması, eləcə də Azərbaycan hakimiyyətindən izahat tələb etməsi peşə etikası ilə bir araya sığırmı?
– Bir qayda olaraq, belə hallarda istintaq şəffaf şəkildə aparılır. Amma istintaq sirri deyilən bir anlayış da var. Əgər istintaq imkan verdiyi təqdirdə araşdırmanın necə aparıldığı barədə ictimaiyyətə məlumat veriləcək. Konkret bu halda RJİ-nin Azərbaycan hökumətindən hansısa izahatı tələb etməyə haqı yoxdur. Hər şey istintaqın gedişində məlum olacaq.
– Kəşfiyyat fəaliyyətində şübhəli bilinən agentlik əməkdaşlarının saxlanılmasının iki ölkə arasında münasibətləri pisləşdirəcəyi iddiası nə dərəcədə məntiqidir?
– Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların vəhşicəsinə döyülərək saxlanılması nə dərəcədə məntiqidirsə, Rusiya Jurnalistlər İttifaqının iddiası da o dərəcədə məntiqidir. Belə çıxır ki, orada soydaşlarımızın başına min oyun aça bilərsiniz, biz də susmalıyıq? Yada salaq ki, təxminən bir ay bundan əvvəl Moskvada qırğızların da başına oxşar oyunlar açılmışdı. Amma onlar ağızlarına su alıb oturdular. Görünür, nədənsə ehtiyat ediblər. Hər halda Bakıda iki rus agentinin saxlanılmasının iki ölkə arasındakı münasibətlərə, təbii ki, müəyyən qədər təsiri olacaq. Amma dövlətlərarası münasibətlər bir bu hadisəyə görə kökündən dəyişə bilməz.
– Sizcə, beynəlxalq təşkilatlara müraciət edənlərin niyyəti bu yolla Azərbaycana siyasi təzyiq göstərməkdir?
– Bəli, beynəlxalq təşkilatlara müraciətin məqsədi Azərbaycana siyasi təzyiq göstərməkdir. Amma bu zaman rəsmi Moskva unutmamalıdır ki, bu gün Rusiyanın özünü beynəlxalq idman yarışlarına buraxmırlar. Yəni, müxtəlif növlər üzrə beynəlxalq idman federasiyalarının təşkil etdikləri yarışlarda Rusiya yığması vahid komanda kimi təmsil oluna bilmir. Əgər onlar beynəlxalq təşkilatlara bu qədər hörmətlə yanaşırlarsa, nəyə görə Rusiya beynəlxalq hüququ tapdayır? Bu ölkə müharibə elan etmədən Ukraynaya hücum həyata keçirib və onun torpaqlarını işğala məruz qoyur. Yəni, Moskva özünü quldurbaşı kimi aparır, amma özünə qarşı kiçik bir hərəkət olanda dərhal beynəlxalq təşkilatlar, beynəlxalq hüquq yadına düşür. Axı, bu, heç də belə deyil...
– Ümumiyyətlə, Kremlin ayrı-ayrı media subyektlərindən, jurnalistlərdən siyasi oyunlarda alət kimi yararlanması sirr deyil. Bu “təcrübəyə” münasibətiniz necədir?
– Son illər bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, Rusiyada jurnalistika adına heç nə qalmayıb. Peşəkar, obyektiv, öz sözlərini demək istəyənlərin başlarına elə oyunlar açdılar ki, bəxti gətirənlər Rusiyadan xaricə qaça bildilər. Onlar ölkədən kənarda nəsə eləməyə çalışırlar. Daxildə isə Kremlin təbliğat və təşviqatından başqa jurnalistika fəaliyyəti sıfıra bərabərdir. Həm də buna görə Rusiya Jurnalistlər İttifaqının başqalarından nəsə ummağa haqqı yoxdur. İndi onların missiyası Azərbaycana qarşı yalana və dezinformasiyaya söykənən ideoloji təbliğatla məşğul olmaqdan ibarətdir. Və sifarişlə apardıqları informasiya müharibəsində dövlətimizi, millətimizi aşağılamaqdan belə çəkinmirlər. Kremlə yaxın yüksək rütbəli bəzi məmurlar danışıqlarında küçə jarqonundan istifadə edirlər. Həm media mənsublarının, həm də siyasilərin belə “zəngin təcrübədən” istifadə etmələri artıq heç kəsi təəccübləndirmir.
Söhbəti hazırladı:İmran BƏDİRXANLIXQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.