Finss.az - 2024/25 mövsümünün başa çatmasının ardından Azərbaycan Premyer Liqasında çıxış edən klublar 2025/26 mövsümünə hazırlıqları sürətləndiriblər.
Bir çox komanda heyətlərini gücləndirmək məqsədilə yeni transferlər reallaşdırır, bəzi futbolçularla yollar ayrılır, müqaviləsi başa çatanlarla isə yeni razılaşmalar imzalanır.
Ən aktiv klublardan biri “Zirə” olub. Klub heyətinə Brahim Konate, Yeqor Boqomolski, İsmayıl İbrahimli və Rövlan Muradovu cəlb edib. Eyni zamanda, “Zirə” Ruan Renato, Anar Nəzirov və Hacıağa Hacılı ilə müqavilə müddətini uzadıb.
“Qarabağ” Pedro Bikalyo və Dani Boltu heyətinə qatıb, lakin Patrik Andrade, Yassin Benzia və Marko Veşoviçlə yollarını ayırıb.
Yeni mövsümdə Premyer Liqada iştirak edəcək “Araz-Naxçıvan” 6 futbolçunu heyətinə cəlb etməklə yanaşı, baş məşqçi Elmar Baxşıyev də daxil olmaqla, əsas oyunçularının əksəriyyəti ilə müqaviləni yeniləyib.
“Neftçi” və “Sabah” da ciddi dəyişikliklərə imza atıb. “Sabah” fransalı və polşalı legionerləri komandaya qatıb, baş məşqçi vəzifəsinə Valdas Dambrauskası gətirib. “Neftçi”də isə heyət demək olar ki, tamamilə yenilənib – 12 futbolçu ilə vidalaşılıb, 5 yeni oyunçu transfer olunub.
Maliyyə baxımından səmərəli transfer siyasəti yürüdən “Turan Tovuz” yalnız bir yeni transfer – David Tavareşi komandaya qatıb, lakin 8-dən çox oyunçu ilə yollar ayrılıb.
“Kəpəz”, “Şamaxı”, “Sumqayıt” və “Qəbələ” kimi klublarda isə əsasən kadr dəyişiklikləri baş məşqçi və yerli oyunçular üzərində cəmlənib.
Transfer dövrü davam edir və yaxın günlərdə daha bir çox dəyişikliklərin olacağı gözlənilir.