AZ

“Rusiyanın bütün təsir rıçaqları ləğv edilməlidir”-Elman Cəfərli- ÖZƏL

"Belə görünür ki, Kreml  Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqləri davam etdirəcək. Azərbaycan tərəfi də ölkəmizdə qanunsuz fəaliyyət göstərən rusiyalılara qarşı əməliyyatlar keçirir. Tarixi təcrübə göstərir ki, nə qədər böyük olsa belə Rusiyanın qabağından qaçmaq xilas yolu deyil. Azərbaycan müstəqil dövlətdir və heç kim bizimlə təzyiq dilində danışa bilməz". Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş amansız cəza tədbirləri, soydaşlarımızın qətli, bütün ölkəboyu qeyri-ruslara qarşı əməliyyatlar, iş adamlarının sıxışdırılması əks-effekt verəcək:
"Baş verənlər Rusiyanın son çırpıntılarıdır. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Rusiyanın 30 il bizə qarşı istifadə etdiyi, hər cür dəstək verdiyi Ermənistanı məğlub etdi. 2023-cü ilin sentyabrında aparılmış qısa müddətli antiterror tədbirləri  ilə Azərbaycan bütün ərazilərində suveren hüquqlarını bərpa etdi. Artıq regionda ənənəvi hegemonluğunu sürdürmək istəyən güclərin qarşısında yeni bir Azərbaycan dövləti var. Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə nail olacaq. XX əsrin 20-ci illərində bolşevik Rusiyasının, sovet hökumətinin bizə miras qoyduğu zərərli ənənələrdən, siyasi qurumlardan qurtulmağın zamanıdır. Moskvadan miras qalmış Dağlıq Qarabağ Muxtar Vilayəti adı tarixin zibilliyinə atıldı. Sovet hökumətinin ermənilərə hədiyyə etdiyi Şərqi Zəngəzurla bağlı məsələ gündəmdədir. Azərbaycan dövlətinin siyasi iradəsi buna köklənib ki, Zəngəzur dəhlizi açılmalı, Naxçıvanla quru əlaqələri bərpa edilməli, Qərbi azərbaycanlı soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bunun üçün tarixi şərait yetişib. Ermənistanın hazırkı rəhbərliyi də reallıqları dərk edir. Rəsmi İrəvan bilir ki, Ermənistanın müstəqilliyi Türkiyə və Azərbaycanla normal əlaqələrin qurulmasından keçir. Yeri gəlmişkən, Rusiyanı həm də son zamanlar Zəngəzur dəhlizi  və böyük sülh sazişi ilə bağlı sıxlaşan təmaslar qəzəbləndirib. Lakin heç bir qəzəb yetişmiş tarixi situasiyanın  qarşısını kəsə, tarixi prosesləri geri döndərə bilməz".
Elman Cəfərlinin fikrincə, imperiya ambisiyaları güclənməkdə olan Rusiyanın ölkəmizdəki təsir rıçaqları kəsilməlidir: "Rusiyanın ölkəmizdə akkreditasiya olunmuş kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırılması yaxşı haldır. Onların çoxu jurnalist kimliyinə bürünmüş nüfuz agentləri idi. Ümumiyyətlə, Rusiyaya meylli siyasi partiya, KİV, QHT və digər qurumların sərbəst fəaliyyətinə imkan vermək olmaz. İllərdir yazırıq ki, dövlət hesabına fəaiyyət göstərən məktəb olmamalıdır. Azərbaycanda isə orta və ali məktəblərdə rus bölmələri hələ də qalır. Biz demirik ki, bu məktəblər tamamilə bağlansın. Lakin dövlət hesabına olmasın. Əgər valideyn istəyirsə ki, övladı 11 il rus dilində oxusun, zəhmət çəkib ödəniş etsin. Azərbaycan vətəndaşının ödədiyi vergi ilə maliyyələşən rus bölməsi olmamalıdır. Rus bölməsi gənc nəsli yanlış yöndə tərbiyə edir. Bu bölmədə oxuyanlar üçün ana vətən "Velikorus"dur, əsas dil  rus dilidir. Rus bölməsində oxuyan uşaqlara aşılayırlar ki, rus dili elm, mədəniyyət, diplomatiya, elm-texnika dilidir. Halbuki elə deyil. Rus dili bu statusu 30 ildir itirib. İndi elmin, texnologiyanın dili ingilis, alman, Çin, yapon dilləridir. Yaxşı olar ki, Bakıda, Sumqayıtda, Gəncədə ingilis, alman, yapon, Çin dilli özəl məktəblərin sayı artsın".

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr