AZ

Kiselyovdan absurd iddia - “Azərbaycan münasibətləri qəsdlə gərginləşdirir”...


Ramil Məmmədli: “Kremlin təbliğat ruporu olan Kiselyovun səsləndirdiyi fikirlər sadəcə böhtandır”

Yekaterinburqda azərbaycanlılara qarşı təşkil olunmuş zorakılıq, həbslər və qətllər, Bakının hadisələrə adekvat sərt reaksiya verməsi, ardınca Azərbaycanda Rusiya dövlət mətbuatının əsas dayaqlarından biri olan “Sputnik Azərbaycan” agentliyinə qarşı əməliyyat keçirilməsi, burada FTX ilə əlaqəli əməkdaşların saxlanması, bir sıra mədəni tədbirlərin (o cümlədən Rusiyaya bağlı təşkilatların festivallarının) ləğv edilməsi iki ölkə arasında münasibətlərin pozulmasının real indikatorlarıdır.

Bu arada Rusiya mediası və onun təbliğat ruporları hər vasitə ilə baş verənləri təhrif etməyə, bu məsələdə bütün günahı Azərbaycanın üzərinə yıxmağa çalışırlar. Kremlin əsas təbliğat ruporu olan “Rossiya Seqodnya” agentliyinin rəhbəri Dmitri Kiselyov bəyan edib ki, Azərbaycan qəsdən vəziyyəti gərginləşdirir: “Biz Bakıdakı nümayəndəliyimizlə baş verənləri ədalətsizlik kimi qəbul edirik. Bakının hərəkətləri dövlətlərarası münasibətlərin pisləşməsinə yönəlmiş düşünülmüş addım kimi görünür”.

“Azərbaycan Rusiya kimi böyük dövlətlə münasibətləri niyə düşünülmüş şəkildə gərginləşdirsin ki?”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Kremlin təbliğat ruporu olan Dmitri Kiselyovun səsləndirdiyi fikirlər sadəcə böhtandır: “Azərbaycan çox önəmli, eyni zamanda mürəkkəb bir coğrafi məkanda yerləşir. Bu regionda bir sıra dövlətlərin geosiyasi maraqları toqquşur. Azərbaycan 30 ildir uğurlu balanslaşdırılmış siyasət yeridərək, ölkəni geosiyasi mübarizə poliqonuna çevirmir. Daha dəqiq desək, buna imkan verməyib. Belə olan təqdirdə Azərbaycan Rusiya kimi böyük dövlətlə münasibətləri niyə düşünülmüş şəkildə gərginləşdirsin ki? Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə sərhədi olan yeganə postsovet ölkəsidir. Azərbaycan bütün qonşu dövlətlərlə, o cümlədən, Rusiya ilə qarşılıqlı mehriban münasibətlərdə maraqlıdır. Ölkəmizdə hansısa dövlətin hərbi bazaları yoxdur. Azərbaycan NATO-ya, Avropa İttifaqına üzv olmağı qarşısına məqsəd qoymayıb. Ukrayna müharibəsi ilə əlaqədar olaraq Azərbaycan Rusiyaya qarşı qəbul olunan çoxsaylı sanksiyaların heç birinə qoşulmayıb. Tam əksinə, Şimal-Cənub nəqliyyat dəhlizi hesabına Rusiya Azərbaycandan keçməklə Hindistanla ticarət aparır. Məgər bütün bunları kor gözləri ilə Kiselyov görmür, bunların fərqində deyil? Nə qədər ləyaqətsiz olasan ki, bütün bunları görməzdən gələsən. Bütün dünyanın gözü qarşısında Rusiya miqrantlara divan tutur, onları qətlə yetirir, Kremlin təbliğat ruporları Azərbaycanı günahlandırır. Təbii ki, onların bu yalanlarına nəinki dünya, heç Rusiya cəmiyyəti də inanmayacaq. Çünki Rusiyanın təcrid vəziyyətinə düşməsi, ölkədə dərinləşən böhran ortadadır”.

Vidadi ORDAHALLI

Seçilən
12
29
baki-xeber.com

10Mənbələr