BAKI, 2 iyul. TELEQRAF
Vergi Məcəlləsində xüsusi icra məmurlarının fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınması, xüsusi icra məmurlarının fəaliyyətinə görə bir ay ərzində aldıqları icra haqlarının (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab edilməsi və əldə etdikləri icra haqlarının qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə aid edilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən Mülki Prosessual Məcəlləyə, Mülki Məcəlləyə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, Rəqabət Məcəlləsinə, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Bundan başqa, layihədə xüsusi icra məmurlarının gəlir vergisinin ödəyicisi hesab edilməsi, vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulması, hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq onlara ödənilən icra haqlarına münasibətdə bəyannamə vermək öhdəliyi nəzərdə tutulacaq.
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda xüsusi icra məmurlarının da məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin siyahısına əlavə edilməsi, onlardan minumum aylıq əməkhaqqının beş mislinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulması təklif edilir.
Yuxarıda qeyd olunanlarla yanaşı, "Tibbi sığorta haqqında" Qanuna da dəyişiklik edilərək, xüsusi icra məmurlarının sığortalı qismində çıxış edən şəxslərin siyahısına əlavə edilməsi nəzərdə tutulacaq.