Yay aylarında sərinləşdirici içkilərə, xüsusilə kokteyllərə olan tələbat artır. Parklarda, bulvarda, gəzinti yerlərində və şəhər küçələrində tez-tez rəngarəng içkilər satan stendlərə rast gəlmək olur. İnsanlar istidən qorunmaq və susuzluqlarını yatırmaq üçün bu içkilərə üstünlük verirlər.
Bəs bu rəngarəng içkilərin hansısa zərərləri varmı?
Redaktor.az-a danışan qida eksperti Fərid Səfərov bildirdi ki, yay aylarında küçələrdə satılan rəngarəng, sərinləşdirici içkilər nə qədər cəlbedici görünsələr də, onların bəzi ciddi zərərləri ola bilər:
"Bu içkilərin tərkibi və hazırlanma şəraiti sağlamlıq üçün risk yarada bilər. İçkilərin hazırlanmasında süni rəngləndiricilərdən istifadə olunur. Bu içkilərdə istifadə olunan süni boya maddələri allergik reaksiyalara, mədə-bağırsaq problemlərinə və uzunmüddətli istifadədə bəzi toksiki təsirlərə səbəb ola bilər. Xüsusilə, E102, E110, E129 kimi rəngləndiricilər uşaqlarda hiperaktivlik və diqqət pozğunluğu yaradır. Təbii meyvə əvəzinə süni aromalar və dadvericilərin istifadəsi qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər".
Qida eksperti əlavə etdi ki, ən əsas məsələlərdən biri gigiyenadır:
"Küçədə satılan içkilər çox zaman gigiyenik şəraitə riayət olunmadan hazırlanır. Su mənbəyi, buzun təmizliyi və istifadə olunan qablar infeksiya riskini artırır. Bu ishal, qida zəhərlənməsi və hətta hepatit A ilə nəticələnə bilər. Bu içkilər çox zaman şəkərlə yüklənmiş olur, bu da qısa müddətdə susuzluğu aradan qaldırsa da, uzun müddətli istifadədə isə çəki artımı, insulin müqaviməti, diş çürüməsi, qan şəkərinin yüksəlməsi kimi problemlərə səbəb ola bilər. Günəş altında saxlanılan plastik butulkalarda içkilərin tərkibinə BPA və digər zərərli maddələr qarışa bilər, bu da hormon sisteminə təsir edə bilər".
Fərid Sərəfov sərinləmək istəyənlərə öz tövsiyəsini də bildirdi:
"Ev şəraitində hazırlanmış ayran, mineral su, nanəli və ya meyvəli buzlu çay daha sağlam seçimdir. Təbii meyvələrdən hazırlanmış şəkərsiz kompot və ya "smoothie" də həm faydalı, həm də sərinləndirici təsirə malikdir. İsti havalarda təkcə sərinlik yox, eyni zamanda sağlamlığınızı da düşünmək vacibdir", - deyə müsahibimiz qeyd etdi.
Aytəkin TOFİQQIZI