AZ

İƏT-in 17-ci Zirvəsi Xankəndidən dünyaya bu fikirləri çatdıracaq...


Aydın Mirzəzadə: “İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsinin böyük iqtisadi, siyasi əhəmiyyəti var”

Məlum olduğu kimi, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammiti Xankəndi şəhərində keçiriləcək. 3-4 iyul tarixlərində İƏT-ə üzv ölkələrin liderləri Qarabağda bir araya gələcək. Bu tədbir həm də 30 ildən çox separatizmə yuva olmuş Xankəndini diqqət mərkəzinə gətirir.

Xankəndidə baş tutacaq 17-ci sammitdə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı, bölgənin gələcəyi ilə yanaşı dünyada baş verən son hadisələr də müzakirə olunacaq.

Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra - 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Təşkilatın hazırki üzvləri Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Əfqanıstan və Özbəkistandır.

Maraqlıdır, İƏT 17-ci Zirvənin azad edilmiş Xankəndidə keçirilməsinin nə kimi əhəmiyyəti var? Bu tədbir vasitəsilə dünyaya hansı mesajlar veriləcək?

“Sammit üzvləri bu tədbirdə iştirak etməklə Azərbaycanın öz ərazi bütövlüyü uğrunda əzmini bir daha dəstəkləməli olacaq”

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların hər birində çox fəal iştirak edir, öz töhfəsini verir: "Bu gün Azərbaycan dünyada ikitərəfli və çoxtərəfli əməkdaşlıqda maraq doğuran bir ölkə kimi tanınır. Vaxtaşırı ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın uğurudur. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsinin böyük iqtisadi, siyasi əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, həmin təşkilata üzv ölkələr əməkdaşlığın yeni sahələrini nəzərdən keçirəcək. Həmçinin, Azərbaycan işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinin səviyyəsini bütün dünyaya göstərmiş olacaq. Danılmaz faktdır ki, 30 illik işğal dövrü həmin əraziləri bərbad vəziyyətə salıb. Hər kəsə bəllidir ki, erməni işğalçıları torpaqlarımızı, əraziləri darmadağın ediblər, sosial obyektləri məhv ediblər. Azərbaycan qısa zamanda yolları, kommunikasiyanı bərpa edib, yeni binalar tikib, müasir sivilizasiyanı həmin ərazilərə gətirib. Müasir Xankəndi inkişaf edən, müasirliyi özündə göstərən şəhərlərdən birinə çevrilib. Həmçinin, sammit üzvləri bu tədbirdə iştirak etməklə Azərbaycanın öz ərazi bütövlüyü uğrunda əzmini bir daha dəstəkləməli olacaq. Onu da nəzərə almaq lazımdır ki, bəzi ölkələrin rəhbərləri ilk dəfədir işğaldan azad edilmiş ərazilərə gəlir. Onlar bununla həm də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ölkəmizin ədalətli yol tutduğunun şahidi olurlar. Hesab edirəm ki, sammit yüksək səviyyədə keçəcək və Azərbaycan bu tədbir vasitəsilə dost ölkələrlə münasibəti daha da gücləndirəcək”.

Günel CƏLİLOVA

Seçilən
27
8
baki-xeber.com

10Mənbələr