AZ

Qəlbi ilə yazan bir qızın poetik dünyası


 Əlimdə tutduğum “Düşüncələrim” adlı bir kitab var. Sadə, lakin dərin bir ad... İlk baxışdan müəllifin düşüncə dünyasına səyahətə çağırış kimi təsir edir. Müəllifin – gənc qələm sahibi Səadət Yaqublunun bu adı seçməsi mənim diqqətimi dərhal cəlb etdi. Kitabı vərəqlədikcə hər sətirdə, hər misrada bir səmimilik, bir doğmalıq, bir içdənlik hiss olunur. Elə bir hiss ki, sanki müəllif oxucunu qarşısına alıb ürəyini açır, yaşadıqlarını, duyduqlarını, düşündüklərini onunla bölüşür. Kitabı birnəfəsə oxumaq mümkündür, çünki içindəki duyğular səmimiyyətlə yazılıb, dil sadə olsa da, fikirlər dərin və təsirlidir.

 “Düşüncələrim” kitabı 2022-ci ildə işıq üzü görüb. O dövrdə Səadət hələ 8-ci sinif şagirdi idi. Lakin onun yaşına baxmayaraq göstərdiyi ədəbi uğur, öz yaşıdları arasında fərqlənməsi, ədəbiyyata olan ciddi marağı oxucunu heyran qoyur. Bu kitab, Səadətin həm ədəbi zövqünün, həm müşahidə qabiliyyətinin, həm də yaradıcı təxəyyülünün real göstəricisidir. O, sadəcə şeir yazmır, o, hiss edir, sevir, duyur, sonra da bütün bu duyğuları sətir-sətir kağıza hopdurur.

 Təhsil aldığı Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində həm dərslərdə, həm də məktəbdaxili mədəni tədbirlərdə fəallığı ilə seçilib. Məktəbin bədii gecələrində səhnəyə çıxaraq şeirlərini oxuyur, çıxışları ilə həmyaşıdlarının diqqətini cəlb edir, müəllimlərinin və qonaqların rəğbətini qazanırdı. Elə həmin tədbirlərdə ilk dəfə olaraq “Düşüncələrim” kitabında yer alan şeirləri səsləndirilmiş, gələcəkdə böyük bir yazarın yetişməkdə olduğunun ilk işarələri özünü göstərmişdi.


 Səadətin daxili ehtiyacı olan bu yazmaq eşqi – onun həyat tərzinə, düşüncə formasına, insanlarla münasibətinə də təsir göstərib. O, qələmi ilə hiss edir, yaşadığı hər hissi poetik dillə ifadə edir. “Düşüncələrim” yalnız bir kitab deyil – bu, bir gənc qızın duyğularla dolu iç dünyasının poetik xəritəsidir.

 Qısa tanışlıq:

 Səadət Taleh qızı Yaqublu 2008-ci ilin 10 iyun tarixində Sumqayıt şəhərində ziyalı bir ailədə dünyaya göz açıb. Uşaqlıqdan kitaba, sözə və ədəbiyyata böyük marağı ilə seçilib. Hələ məktəb illərində — Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alarkən – müəllimlərinin, dostlarının və yaxınlarının diqqətini dərin müşahidə qabiliyyəti, güclü ifadə tərzi ilə çəkib. Hər bir sözə, hər bir duyğuya bədii çalar qatmaq onun fitri qabiliyyəti kimi özünü göstərib. Məhz bu daxili yanğı və ifadə ehtiyacı onu şeir yazmağa yönəldib.

İlk dəfə “Bayrağım” adlı şeiri ilə oxucunun qarşısına çıxan Səadət özündəki vətən sevgisini sətirlərə çevirərək yazı dünyasına addım atıb. Təkcə Vətən və bayraq deyil, onun qələmində təbiət də nəfəs alır, dənizlər danışır, yağışlar pıçıldayır, çiçəklər oyanır. Onun şeirləri təkcə qafiyə və bənzətmələrdən ibarət deyil – bu sətirlərdə gənc bir qızın saf və parlaq düşüncə dünyası, təmiz ürəyi, yaşadığı duyğuların səmimiliyi var.

 Zamanla Səadətin şeirlərindəki mövzu diapazonu daha da genişlənib. Ana və ata sevgisi, ailə dəyərləri, insanlara qarşı mərhəmət, dostluq, dürüstlük və sevgi onun yaradıcılığında əsas mövzulardan birinə çevrilib. O, həm uşaqlıq duyğularını, həm insanlıqla bağlı dərin düşüncələrini, həm də həyatdakı müşahidələrini özünəməxsus poetik dillə ifadə edir. “Düşüncələrim” adlı ilk şeirlər kitabı da məhz bu içdənlik və saf duyğuların məhsuludur. Kitab oxucunu gənc bir qızın daxili dünyasına, saf təbiətə olan heyranlığına, Vətənə və insana olan sonsuz sevgisinə şahidlik edir.

 Təkcə şeirlərlə kifayətlənməyən Səadət, artıq hekayələr də yazır. Onun “Nankor dost” adlı hekayəsi insan psixologiyasını, münasibətlərdəki ziddiyyətləri və həyatın bəzən acı, bəzən də düşündürücü üzünü əks etdirir. Hekayə real həyat hadisələrindən, müəllifin şəxsi müşahidələrindən doğan bir əsərdir və oxucunu həm düşündürür, həm də özünü bu hekayədə axtarmağa sövq edir.

 Bu gün Səadət Taleh qızı Yaqublu gənc yaşına baxmayaraq, artıq bir çox bədii layihələrdə iştirak etmiş, yazı və çıxışları ilə seçilmişdir. O, mütaliəyə böyük önəm verir, klassik və müasir Azərbaycan ədəbiyyatını sevə-sevə oxuyur, öz yaradıcılığında həmin ədəbi zənginlikdən bəhrələnir. Ədəbiyyatla nəfəs alan, hisslərini qələm vasitəsilə bölüşən bu gənc qızın yolunun işıqlı və ümidverici olacağına heç bir şübhə yoxdur.

 Səadət Talehqızının şeirlərini oxuyanda sanki fırça ilə çəkilmiş bir tabloya baxırsan — sözlər sadəcə söz deyil, hissin, duyğunun, sevginin və vətən həsrətinin rəngidir. Onun yazdığı misralarda hər sətrin arxasında böyük bir təbiət sevgisi, torpaqla bağ, ruhla Vətən arasında qurulan qırılmaz körpü var. “Yağış” şeirində yazdığı kimi: “Təbiət nura boyanır, yatan çiçəklər oyanır...” — bu misralar yalnız poetik deyim deyil, gənc bir yazarın içindən gələn təbiətə vurğunluğunun canlı ifadəsidir. O qədər təsirli, o qədər saf duyğularla yazılıb ki, şeirləri oxuyanda gözü önündə leysan yağır, yarpaqlar titrəyir, bənövşələr islanır, sanki bahar bir az əvvəl onun sətirlərindən keçib gəlib.

 Əslən Qarabağın igidlər yurdu olan Qubadlı torpağından olan Səadət bu müqəddəs yurdun hər qarışını içində daşıyır. Dədə-baba yurdu Əliquluuşağını heç görməsə də, onu elə duyur, elə təsvir edir ki, insan oraların torpağını əllə tutmuş kimi hiss edir. Vətənin hər çiçəyi onun şeirlərində açır, hər dağı, dərəsi onun misralarında yaşayır. Bu vətənpərvərlik, bu duyğu zənginliyi sadəcə texnika deyil, ruhun səsi, torpağın qəlbindəki titrəyişin sözə çevrilməsidir.

 Səadətin fitri istedadı hələ uşaq yaşlarından özünü göstərib. Həmişə bədii ədəbiyyata maraq göstərib, Azərbaycan ədəbiyyatının tanınmış yazar və şairlərini sevə-sevə oxuyub, hər oxuduğundan bir toxum, bir ruh, bir işıq alıb. Onun bu sevgisi təkcə şəxsi zövq deyil, eyni zamanda yaradıcılığına da təsir edib. İlk kitabı olan “Düşüncələrim” adlı şeirlər toplusu bir məktəbli qızın qələmindən çıxmasına baxmayaraq, peşəkar poetik duyumla seçilir. Sadə dildə, səmimi, hissli və saf bir uşaq təmizliyi ilə yazılan bu şeirlərdə həyatın kiçik anları böyük duyğularla ifadə olunur.

 Onun “Nankor dost” adlı hekayəsində insan xarakterləri, münasibətlərdəki incəliklər və reallıqla fantaziyanın qovşağı təsirli şəkildə qələmə alınır. Bu, onun müşahidə gücünün, insan psixologiyasına bələdliyinin və sözlə duyğu ötürmək bacarığının göstəricisidir.

 Böyük qürurla qeyd etməliyik ki, Səadət artıq Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bu üzvlük onun gənc yaşda qazandığı ən böyük ədəbi uğurlardan biri kimi qəbul olunmalıdır. Həmçinin ali məktəbə qəbul imtahanında yüksək bal toplaması da onun həm intellektual, həm də yaradıcı inkişafının bir sübutudur. Səadət məktəbdə təşkil olunan bütün tədbirlərdə fəal iştirak etmiş, poetik çıxışları ilə daim fərqlənmişdir. Onun lisey həyatında yaratdığı ədəbi mühit təkcə onun deyil, ətrafındakı dostlarının da inkişafına təsir göstərmişdir.

 Belə bir mühitdə yetişmiş, ailəsindən — xüsusilə nənə və babasından aldığı mənəvi tərbiyə ilə formalaşmış Səadət bu gün öz ətrafına da nur saçan, sevgi və ilham verən bir gənc kimi tanınır. Onun ailəsi və müəllimləri yaradıcılığına böyük ümidlər bəsləyir. Onlar inanırlar ki, bu gənc qız sabahın parlaq imzası olacaq, Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verəcək.

 Səadətin arzuları da yazıları qədər saf və ülvidir. Bizimlə söhbətində bildirdi ki, hal-hazırda “Kiçik anlardan doğan xoşbəxtlik” mövzusunda bir hekayə üzərində işləyir. Ən böyük arzusu isə doğma yurdu Qubadlının Əliqulu Uşağı kəndini ziyarət etmək, o müqəddəs torpağın hər qarışını gəzmək və gördüklərini sözə çevirmək, vətənin nəfəsini şeirlərində yaşatmaqdır.

 Biz də Səadətin bu işıqlı yoluna sevgimizi, dəstəyimizi və böyük inamımızı bəyan edirik. O, təkcə istedadlı bir gənc deyil — o, gələcəyin parlaq yazarıdır. Onun adı gələcəkdə çox hallanacaq və onun şeirləri, hekayələri minlərlə oxucunun könlündə iz buraxacaq. Yolun açıq, sözün saf, qələmin daim işıqlı olsun, Səadət Talehqızı!

 

İradə Qaracallı,

Yazıcı- jurnalist, AJB üzvü

 


Seçilən
22
34
azia.az

10Mənbələr