AZ

“SABAH-ın Məzunu 2025” tədbiri keçirildi - Fotolar

İyulun 2-də Heydər Əliyev Sarayında “SABAH-ın Məzunu 2025” tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov SABAH qruplarının yaradılmasında əsas məqsədin istedadlı, yüksək bilikli və yaradıcı gəncləri bir araya gətirmək, onların bacarıqlarını dəstəkləmək olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, ölkənin gələcəyi məhz yaradıcı gənclərin fəaliyyətinin səmərəliliyi ilə təmin olunur. SABAH proqramı isə məhz bu məqsədə xidmət edir.

Sonda nazir müavini SABAH məzunlarına sevdikləri işlə məşğul olmağı, daim öz üzərlərində çalışmağı və ən əsası – dəyərlərimizi qoruyub saxlamağı tövsiyə edib.

Tədbir SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilməsi ilə davam edib.

Tədbirdə SABAH məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.

Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən SABAHın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.

Tədbirdə çıxış edən SABAH Məzunlar Assosiasiyasının sədr müavini Mirgünay Bayramova yeni qurumun fəaliyyəti və qarşıya qoyulan məqsədlər haqqında danışıb.

Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib.

Qeyd edək ki, 2024–2025-ci tədris ilində 10 ali təhsil müəssisəsi üzrə 955 bakalavr və 466 magistr SABAH qruplarından məzun olur. Hazırda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin "SABAH qrupları" layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə  4134 tələbəni və 6842 məzunu əhatə edir.












Seçilən
15
22
qafqazinfo.az

10Mənbələr