“Azərişıq” ASC regionların elektrik təsərrüfatının yenilənməsi işlərini Ağdaş və Göyçay rayonlarında da davam etdirir.
Publika.az xəbər verir ki, Ağdaş şəhərində 0.4 və 10 kV-luq dayaqlar yenilənir.
10 kV-luq müasir ÖİN-3 (Özünüdaşıyan İzolyasiyalı Naqil) kabel hava xətti çəkilir. 6 yeni Komplekt Transformator Məntəqəsinin (KTM) quraşdırılması da layihəyə daxildir. Eyni zamanda rayonun Mürsəl kəndində 0.4 və 10 kV-luq şəbəkələrinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Kənddə əlavə 2 yeni güc mərkəzi yaradılacaq. Aşağı Zeynəddin və Yeniarx kəndlərində isə işlər başa çatıb. Adı çəkilən kəndlərdə köhnə dayaqlar və elektrik xətləri yeniləri ilə əvəzlənib.
Göyçayda da 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. 2-ci, 3-cü şəhər hava xətlərindən qidalanan küçə və prospektlərdə metal dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin sayğac qutuları yenilənir. Şəhər ərazisində 10 yeni güc mərkəzinin quraşdırılması da nəzərdə tutulub.