AZ

"Yaxınını itirən hər kəsə 30 min manat veriləcək" - Bakıda 10 nəfərin öldüyü yanğınla bağlı məhkəmə

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.

Zərərçəkən Vidadi Həsənov bildirib ki, həmin məkanda yerləşən sexlərin birind çalışıb: "Sexdə dülgər işləyirdim. Hadisə nəticəsində xəsarət almışam. Təqsirləndirilən şəxslərlə barışmışam. Onlara qarşı hər hansı bir şikayət və tələbim yoxdur. Mənə müalicə üçün kömək lazımdı. Rusiyada müalicə olunmuşam. Cəmi iki min manat pul verilmişdi, bu da müalicə üçün kifayət deyil. Mən müalicəyə xərclədiyim pulu istəyirəm".

Hakim Elmin Rüstəmov deyib ki, tələb olunan məbləğ reallığa uyğun olmalı, kiminsə pis vəziyyətindən istifadə edilməməlidir.

Prosesdə məlum olub ki, artıq bir neçə nəfər zərərçəkənlə razılıq əldə olunub. Onlar təqsirləndirilənlərə qarşı hər hansı bir şikayət və tələblərinin olmadığını deyiblər.

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, prosesdən sonra yaxınını itirən hər kəsə 30 min manat pul veriləcək: "Hadisə nəticəsində yaxınları həlak olan şəxslər məhkəmədən sonra müraciət edə bilərlər. Onların hər birinə 30 min manat təklif edirik".

Hadisə nəticəsində yaxınlarını itirənlərin bir neçəsi sözügedən təklifi qəbul edib.

Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

©Apa

Seçilən
7
50
valyuta.az

10Mənbələr