AZ

Sosioloq: Hər bir qadının hökmən iqtisadi azadlığı olmalıdır

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Laçında ilk dəfədir keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumunda deyib.

Onun sözlərinə görə, qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunması cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisidir:

"Biz inanırıq ki, qadının iqtisadi müstəqilliyi olmadan onun sosial və siyasi güclənməsindən danışmaq mümkün deyil. Odur ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və müsbət təcrübəsini də paylaşmağa hazırdır".

B.Muradova bildirib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün güzəştli maliyyə alətləri, bacarıqların artırılması proqramları, kənd yerlərində qadın əməkdaşlığını gücləndirən kooperativ modellər geniş vüsət alıb:

"Eyni zamanda, qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ölkəmiz ciddi nəticələr əldə edib. Gənc qadın alimlərimiz, təşəbbüskar sahibkarlarımız, müəllim və mühəndislərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədirlər. Laçın da daxil olmaqla işğaldan azad edilmiş ərazilərimizdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir".

Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, məsələyə iki aspektdən yanaşmaq olar:

“Birincisi, istər qadın, istərsə də, kişininyaşaya bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Yəni müəyyən bir fəaliyyət sahəsi və bu sahədən əldə etdiyi gəlir. İkincisi, məsələyə bu qədər kəskin yanaşmaq yanlış olar. Çünki iqtisadi azadlığı olmayıb sosial və ictimai müstəqilliyi olan yüzlərlə qadın tanımışıq. Lakin müasir dövr, yeni  dünya düzəni, yeni yanaşmalar daha fərqli yeniliklər ehtiva edir. Odur ki, hər bir qadının hökmən iqtisadi azadlığı olmalıdır. Öncə təhsil alması, daha sonra işləməsi iqtisadi azadlığını əldə etməsi deməkdir. Stereotiplərə gəlincə, Əvvəlki dövrdə çoxsaylı azərbaycanlı ailəsi qadın işləməz fikirində idi. Daha doğrusu qadına qadağa da qoyulurdu ki, işləmək olmaz. Lakin bu stereotip ötən illərlə müqayisədə xeyli dərəcədə aradan qalxıb. Düzdür, hələ də bu fikirdə olanlar, nəinki qadının işləməsi, hətta təhsil almasını belə qorxunc şəkildə qarşılayan insanlar var. Lakin sevindirici haldır ki, onların sayı xeyli azalıb. Düşünürəm ki, hər bir qadının çalışması, iqtisadi azadlığına qovuşması çox yaxşı bir haldır. Həyatın keşməkeşlərini fikirləşəndə, bunun əhəmiyyətini daha dərindən dərk etmək olur. Bəli, qadının iqtisadi azadlığı onun sosial və ictimai fəallığı deməkdir. Çünki işləmək sosiallaşmaq, ictimaiyyət arasında olmaq, hər hansı hadisəyə münasibət bildirmək, fikir söyləmək, həlli yolunda iştirak etməkdir”.

Sosioloqun sözlərinə görə qadının çalışmasının ailə münasibətlərinə müsbət mənada təsiri var:

“Təbii ki, burada söhbət qazancını ərinin başına vurmayan, onunla bərabər çalışmasını hər cümlədə işlətməyən, hüquq bərabərliyini əlində bayraq etməyən normal insanlardan gedir. Bunu da nəzərə alaq ki, qadının çalışması onun özünün işlərini birə beş qat artırır. Ev işləri, uşaq tərbiyəsi, üstəgəl də iş. Lakin o, bütün bunların öhdəsindən gəlirsə, hələ üstəlik ailə büdcəsinə müəyyən miqdarda vəsait daxil edə bilirsə, bunun nəyi pisdir ki? Bu gün ölkədə iş yerləri azlıq təşkil edir. Xüsusilə qadınların işləməsi üçün müəssisələr azdır. Axı hər qadın təhsilli deyil, bunu nəzərə alaraq elə iş yerləri açılmalıdır ki, qadınlar iş axtaranda çətinliklə üzləşməsin. Digər tərəfdən təhsilli qadınların işə düzəlməsində yeni bir konsepsiya hazırlanmalıdır, bu, daha da asanlaşdırılmalıdır. Qadınların  bütün sahələrdə, xüsusilə son illərdə fəallıqları hiss olunan sahibkarlıq sektorunda bacarıq və qabiliyyətini göstərməsinə şərait yaradılmalı, onların məşğulluğu diqqətdə saxlanmalıdır. Bundan sonra onların iqtisadi azadlığından və bu azadlığın sosial və ictimai həyata təsirindən söhbət gedə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
32
sherg.az

10Mənbələr