Mənim rusun özünə də, dilinə də olan münasibətim həmişə neqativ olub. Rusdilli məktəblərlə bağlı yazdığım statuslara görə dəfələrlə “elit takılan” dostların tənqidinə də tuş gəlmişəm. Adətən küçədəki quduz itləri doğması kimi müdafiə edən, quduz itin dişlədiyi körpəyə acımayan “heyvanevərlər” kimi bu rus dili aşiqləri də eyni qılınc və qalxanla gəlib üstümə.
Mən nə dil öyrənməyin, nə də kiminsə övladının hansı dildə təhsil almasının əleyhinə deyiləm. Dediyim odur ki, rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşməməlidir. Necə ki, ingilis, fransız dilli məktəblər, liseylər var və ödəniş əsasında fəaliyyət göstərir, bu məktəblər də valideynlərin şəxsi büdcəsi ilə olmalıdır. Hətta bu barədə qanun layihəsi də var.
Rus dilinin “üstünlüyü” məsələsinə gəldikdə isə, müasir dövrdə bu, aktuallığını çoxdan itirib. Dünyanın 95 faiz ölkəsində insanlar az-çox ingilis dilində danışa bilir. Rus dili isə yalnız Rusiyada və bir neçə postsovet ölkəsində keçərlidir.
“Uşağım Dostoyevskini orijinalda oxuyacaq” kimi toksik düşüncələr sovet təfəkküründən bizə miras qalmış bir illüziyadır. Elə bilirik ki, mədəniyyət, yazı, incəsənət yalnız ruslardan gəlməlidir və onlar daha mütərəqqidirlər. Birincisi, hər rus dilini bilən adam rus yazıçılarını oxumur. Əgər oxusaydı, rusların hamısı həlim, mədəni, alicənab insanlar olardı. Amma reallıq göstərir ki, yeri gələndə onlar qədər şovinist, qəddar, allahsız millət tapmaq çətindir.
Azərbaycanı bölüb-parçalayan da, Dərbəndi, Tiflisi, İrəvanı, Borçalını, Göyçəni bizdən alıb digər Qafqaz ölkələrinə pay verən də, Bəkir Çobanzadəni, Mikayıl Müşfiqi, Əhməd Cavadı öldürən də, 31 Mart soyqırımını, 20 Yanvar hadisəsini, Xocalı faciəsini törədənlərin başında da ruslar dayanır – bunu bilirik, unutmuruq.
Son günlərdə baş verən hadisələrə münasibətim isə tamamilə fərqlidir. Bəli, Azərbaycan vətəndaşlarının qəddarlıqla qətlə yetirilməsi dözülməzdir və bununla bağlı mütləq ciddi tədbirlər görülməlidir. Amma bu gün tezislə danışan jurnalistlərin üslubu, rusiyaya təzyiq etmək cəhdləri, onlardan qisas almaq ritorikası Molla Nəsrəddinin “ayağını cızıqdan üç dəfə kənara qoyması” lətifəsinə oxşayır.
Dünyada ədalət yoxdur. BMT-nin əlindən heç nə gəlmir. Kim haranı istəyir, bombalayır. Kim kimin torpağını işğal etmək istəyirsə, edir. Digər ölkələr isə ya işğalçıya silah verir, ya da ən yaxşı halda qınayır. Ondan bir az yaxşısı “sərt qınayır”.
Bu gün Azərbaycan – son 20-30 ildə olduğu kimi – Rusiya ilə münasibətləri mülayim siyasətlə davam etdirməlidir. Ölkədə işsizlik, sahibkarların sıxışdırılması və digər sosial çatışmazlıqlar nəticəsində milyonlarla azərbaycanlı çörəyini Rusiya bazarında qazanır. Üstəlik, bəziləri qeydiyyatsız yaşayır. Moskva boyda şəhərin 10 faizinə qədəri azərbaycanlılardan ibarətdir. Rusların terror törətmək potensialı isə bəzi radikal dini qruplardan da çoxdur.
Azərbaycanda hələ də Rusiyanın vassalı olmuş xeyli vəzifəli adam var. Rusiya daimi qonşudur və bundan qurtuluş yoxdur. Bunu bilə-bilə biz baş verən hadisəyə “qaqaş kimi” yox, haqlı narazılıqla, fakt və arqumentlərlə, sivil şəkildə cavab verməliyik.