ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda rusdilli məktəblərin gələcək taleyi ilə bağlı müzakirələr davam edir.
Bəs rusdilli məktəblərin bağlanması məqsədəuyğundur?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən deputat Fazil Mustafa bildirdi ki, bu, bir qədər mürəkkəb məsələdir və müəyyən vətəndaşların maraqları da nəzərə alınmalıdır:
"Azərbaycan məktəblərinin səviyyəsi bu gün üçün qaneedici deyil. Əgər nəyisə bağlayırıqsa, elə etməliyik ki, ona alternativ olan sistem həmin tələbatı ödəyə bilsin. Bu məsələ çox ciddi şəkildə düşünülməli və planlaşdırılmalıdır".
Deputatın sözlərinə görə, Azərbaycanda rusdilli təhsil daha çox dəb xarakteri daşıyır.
"Bir çox insan niyə rus dilində təhsil aldıqlarının fərqində deyil, sadəcə dəbə ayaq uydurmağa çalışırlar. Ümumiyyətlə, dövlət siyasəti olaraq bundan imtina etməliyik. Bütövlükdə rusdilli təhsil yalnız pullu ola bilər, dövlət tərəfindən maliyyələşdirilməsi məqsədəuyğun deyil. Yenə də tələsik qərar vermək olmaz, məsələ geniş müzakirə olunmalı, hərtərəfli düşünülməlidir. Çünki təhsil eksperiment sevmir, təhsildə buraxılan bir səhv, 20-30 illik problemlərə yol aça bilər", - deyə F.Mustafa qeyd etdi.
Nuriyyə NATİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.