Modern.az saytına istinadən ain.az xəbər verir.
“İyunun 27-də Yekaterinburqda azərbaycanlıların Rusiya polisinin xüsusi təyinatlı dəstəsi tərəfindən işgəncə ilə qətlə yetirilməsi və kütləvi həbsi digər xalqlara şovinist münasibətin ifadəsidir. Sivil dünyadan təcrid olunan, beynəlxlaq platformalardan uzaqlaşdırılan, hərbi təcavüzə məruz qoyduğu Ukraynada heç bir ciddi uğur qazana bilməyən Rusiyanın aqressivləşərək başqa millətlərə diş qıcaması, mülki şəxslərə divan tutması beynəlxalq hüququn normalarına ziddir.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, 1990-ci ildə Bakıda törədilən 20 Yanvar qırğını, Qarabağdakı hadisələr, Xocalı faciəsi yaxın tariximizdənbaş vermiş qanlı olaylar hər kəsin yaxşı xatirindədir: “ 2022-ci ildə Azərbaycanla müttəfiqlik sazişi imzalayan Rusiya 2 il sonra Azərbaycanın sərnişin təyyarəsini vurdu. Bakı–Qroznı reysini yerinə yetirən təyyarəmiz vurulandan sonra qəzalı vəziyyətdə Qazaxıstanın Aktau şəhərində yerə çırpıldı. Qəza nəticəsində 62 sərnişindən 38-i həlak oldu. Azərbaycan hələ də təyyarəmizi vuran Rusiyadan üzr gözlədiyi halda, Kreml Yekaterinburqda 20 il öncə baş vermis hansısa kriminal hadisəni bəhanə edərək soydaşlarımıza qarşı insanlıq əleyhinə cinayətlər törətdi. Azərbaycan dövlətinin müstəqil xarici siyasət yürütməsindən qıcıqlanan Rusiya ölkəmizin Cənubi Qafqazda yaratmış olduğu reallıqları qəbul etmək istəmir. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya qarşı çox cəsarətli mövqe ortaya qoyub. Ukraynanın ərazi bötövlüyünü dəstəkləməyimiz Kremlə verilmiş ən samballı cavabımızdır. Rəsmi Bakı Yekaterinburq şəhərində soydaşlarımıza edilən anti-insanı davranışa hadisə baş verən kimi reaksiya verdi. Xarici İşlər Nazirliyi Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyir. Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırılaraq ona açıq etiraz bildirilib. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonuna planlaşdırılan Azərbaycana səfəri ləğv edilib. Səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsidir. Hazırkı vəziyyətdə Azərbaycan tərəfi Overçukun və ya digər Rusiya rəsmilərinin səfərini məqsədəuyğun hesab etmir. Həmçinin Rusiyanın ölkəmizdə planlaşdırılan bütün mədəni tədbirlərinin keçirilməsi təxirə salındı”.
Mehriban Vəliyeva qeyd edib ki, SSRİ dağılandan sonra Rusiya digər millətlərə qarşı hücumları skinhedlərin əli ilə həyata keçirirdi: “İndi Rusiya polisi, xüsusi təyinatlıları özü skinhedlik edir. Qarabağın azad olunmasından sonra Rusiyanın Cənubi Qafqaza təsir rıçaqları əlindən çıxdı, nüfuzu aşağı düşdü. Gürcüstan, Azərbaycan və Ermənistanda nüfuzunu sürətlə itirən Rusiya bu gün öz mövqelərini bərpa etmək üçün çox iyrənc, feodalizm quruluşuna xas bir üslub seçib. Kreml Ermənistanda nüfuzunu qaldırmaq üçün Rusiyada yaşayan azərbaycanlıları təhqir etmək, sıxışdırmaqla məşğuldur. Bu arada Ermənistanda Moskvanın tör-töküntüləri olan sabiq prezidentlər Serj Sarkisyan və Robert Koçaryanın aktivləşməsi təsadüfi deyil. Rusiya bu canlı meyitlərlə Nikol Paşinyan iqtidarını devirməyə hazırlaşır. Çox güman ki, Yekaterinburqda baş verənlər həm də Rusiyanın Ermənistanın könlünü almaq üçün atdığı addımlardan biridir. Rusiya burada yaşayan azərbaycanlılara təzyiqi artırmaqla onların təşkilatlanmasının qarşısını alır, diasporun gücünü zəiflədir. Əminliklər söyləmək olar ki, Azərbaycan dövləti Rusiyanın soydaşlarımıza qarşı həyata keçirdiyi anti-insani davranışları cavabsız qoymayacaq”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.