AZ

“Bunu 38 yaşda anlamaq bəlkə də gecdir” - Mən necə yaxşı mühəndis oldum?

Uzun illər boyunca həyatda uğurun yalnız işini yaxşı görməkdən ibarət olduğunu düşünürdüm. Heç kim mənə başqa bir şey öyrətmədi. Mən də həyatın, zəhmətin və qazancın mənasını həmişə çətin yolla anlamağa məcbur qaldım.

Universitetdə oxuyarkən əvvəlki imtahan suallarını əzbərləməyi özümə yaraşdırmadım. Dərs kitablarını əvvəldən sona qədər oxumağa çalışdım. Bu səbəbdən universiteti bir il gec bitirdim. Nə təhsildən zövq aldım, nə də yaxşı mühəndis olmaq hədəfimə yaxınlaşdığımı hiss etdim. Üstəlik, ailəm məni bir il də əlavə olaraq maddi baxımdan dəstəkləmək məcburiyyətində qaldı və mən həmin müddətdə həm iş təcrübəsindən, həm də gəlirdən məhrum oldum.

Mənə iş öyrətmək istəməyən həmkarlarıma baxmayaraq…

Peşə həyatımda da vəziyyət çox fərqli deyildi. Mənə iş öyrətmək istəməyən həmkarlarıma baxmayaraq, texniki sənədləri və şərtnamələri oxuyaraq işi özüm öyrəndim. Bu səbəbdən sahədə təcrübə ilə öyrənənlər arasında “çoxbilmiş” damğası aldım. Bəzən şirkətlər belə, şərtnaməyə uyğun işləməyimi “işverənə yarınmaq” kimi qiymətləndirirdi.

Daha az işləyib yalnız rəhbərlərlə münasibətləri yaxşı olan bəzi şəxslər daha asanlıqla təqdir aldı, vəzifəyə yüksəldi. Halbuki mən bir çox layihədə illik maaşımın bir neçə qatına bərabər dəyərdə şirkətə töhfə vermişdim. Amma uzun müddət peşəkar həyatımda irəliləyiş olmadı. Səhv etdiyim nöqtəni başa düşə bilmirdim.

Yaş artdıqca, yaponların “kaizen” fəlsəfəsinə uyğun olaraq dayanıb özümü müşahidə etməyə başladım. Qəbul etdiyim fərziyyələri sorğuladım. Bu prosesdə "Robert Qrin"in “Gücün 48 qanunu” adlı kitabına rast gəldim. Kitabda insan təbiəti ilə bağlı təsvir edilən həqiqətlər mənim üçün bir işıq oldu. Geriyə dönüb baxanda etdiyim bəzi səhvləri gördüm.

“Uğurun yalnız 30%-i işini yaxşı yerinə yetirməklə bağlıdır”

Və öz həyat təcrübəmə əsaslanaraq bir nəzəriyyə formalaşdırdım:

Həyatda uğurun yalnız 30%-i işini yaxşı yerinə yetirməklə bağlıdır.

Qalan 70% isə insan münasibətlərinə əsaslanır:

Kimləri tanıdığın,

Nə qədər yaxşı dinləyici olduğun,

Nitq qabiliyyətin,

Təvazökarlığın,

Fürsətləri nə qədər yaxşı görə bildiyin,

Başqalarına nə qədər fayda verdiyin,

Harada dayanacağını və ya geri çəkiləcəyini bilməyin.

“Bunu 38 yaşımda anlamaq bəlkə də gecdir, amma…”

Mən iş təkliflərini həmişə belə qiymətləndirdim: “Bu layihə məni daha yaxşı mühəndis edərmi?”

Sonra düşündüm: Axı artıq kifayət qədər yaxşı mühəndis deyildimmi?

Peşə həyatım boyunca özümü daha yaxşı hesab etdiyim insanların sayı bir əl barmağını keçməzdi.

Və başa düşdüm ki, səy - yəni zaman sərmayəsi - məhdud bir qaynaqdır.

Bunu 38 yaşımda anlamaq bəlkə də gecdir, amma yenə də dəyərlidir.

Zamanla bir şeyi də başa düşdüm: İnsan həyatda nə istəyirsə, ona çevrilir.

Qarşımıza çıxan fürsətləri, istər şüurlu, istər şüursuz şəkildə hədəflərimizlə müqayisə edirik.

Bu fürsət bizi daha xoşbəxt edərmi? Daha varlı edərmi? Daha balanslı bir həyatmı qazandırar?

Məhz buna görə insan hədəfini tez müəyyən etməlidir. Yol zamanla təbii olaraq o istiqamətə axır.

Sonda yaxşı bir mühəndis oldum. Amma gördüm ki, bu təkbaşına kifayət etmir.

“Ağıllı insan öz ağlından istifadə edər”

Daha bir fərqindəlik yaşadım:

Saat mexanizmlərini düşünün. Bütün dişlilər uyğunluq içində işləyir.

Bir dişli çox yavaş fırlanarsa problem yaradır, amma çox sürətli fırlanarsa da, sistem onu özündən uzaqlaşdırmağa başlayır.

Bu, “doğru danışanı doqquz kənddən qovarlar” deyiminin texniki qarşılığıdır.

Əsl bacarıq sürətli olmaq deyil, sistemin ritmini anlamaqdır.

Bəzən irəliləmək üçün bir neçə addım geri çəkilmək lazımdır.

Bəzən də çıxılmazda bir addım geri atmaq, irəliləməyin açarıdır.

Bu yazını xüsusilə texniki təhsil almış gənc həmkarlarıma yol göstərmək məqsədilə qələmə aldım.

Unutmayın:

Ağıllı insan öz ağlından istifadə edər.

Daha ağıllı insan isə başqalarının səhvlərindən və səmimi tövsiyələrindən faydalanar.

Ümid edirəm ki, bu sətirlər sizin həyatda uğur yolundakı səfərinizdə bir fərq yaradacaq.

Seçilən
35
37
valyuta.az

10Mənbələr