AZ

Səki yoxsa ticarət köşkü?

Bakının mərkəzi küçələrində piyadalar üçün nəzərdə tutulmuş səkilərdə qurulan müxtəlif ticarət obyektləri piyadaların təhlükəsizliyini ciddi şəkildə sual altına alır. AzPost bildirir ki, bəzi obyekt sahibləri şəhərsalma normalarını pozaraq, içki-soyuducu vitrini, qəlyanaltı satışı və digər kommersiya məqsədli qurğuları birbaşa səki üzərində yerləşdirir.

Bu hal piyadaların, xüsusən yaşlıların, uşaqların və fiziki məhdudiyyətli insanların hərəkətini çətinləşdirir. Səkinin piyadalar üçün yox, satış məntəqələri üçün istifadə olunması bəzən yolun hərəkət hissəsinə çıxmağa məcbur edir və bu da xəsarət, hətta ölüm riski yaradır.

Bu tip obyektlərdə piyadanın manevr etməsi üçün cəmi bir-iki metr aralıq qalır. Soyuducuların qarşısında sıx toplaşma isə insan axını zamanı fiziki toqquşmalara və stressə səbəb olur. Bu da şəhərdə piyadaların psixoloji və fiziki rahatlığını pozur.

Ekspertlər bildirir ki, bu vəziyyət yalnız estetik deyil, həm də hüquqi problemdir. “Şəhərsalma və Tikinti Məcəlləsi”nə əsasən, səki piyadaların təhlükəsiz və rahat hərəkəti üçün ayrılmış zonadır və bu zonanın zəbt edilməsi inzibati qaydada cərimə ilə nəticələnməlidir.

Sosial şəbəkələrdə yayılan görüntülər və vətəndaş şikayətləri göstərir ki, bir çox hallarda bu obyektlər yerli icra strukturlarının gözü qarşısında qurulur. Sual yaranır: bu səssizlik razılıqdırmı?

Məsələ təkcə səkiyə çıxmaqla bitmir. Bu obyektlər həm də tullantı, səs-küy və vizual çirklənmə yaradır. Bakının simasını korlayan bu “səyyar dükanlar” turistlərin və şəhər sakinlərinin narazılığına səbəb olur.

AzPost.az

Seçilən
22
8
azpost.info

10Mənbələr