AZ

FAO ərzaq böhranları üçün maliyyələşdirmə mexanizmi təqdim edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Şokların Törətdiyi Ərzaq Böhranları üçün Maliyyələşdirmə Mexanizmi (FSFC – Financing for Shock-Driven Food Crisis Facility) adlı yeni təşəbbüslə çıxış edib.

“Report” FAO-ya istinadən xəbər verir ki, təşəbbüs qurumun İtaliyanın paytaxtı Romada keçirilmiş 44-cü sessiyasında təqdim edilib.

Bu mexanizm ərzaq böhranlarının qarşısını bəri başdan almağa yönəlib. Təqdimat zamanı FAO-nun Baş direktoru Qu Dongyu dünyada ərzaq böhranlarına yanaşmada əsaslı dəyişiklik edilməsinə dair çağırış edib.

Onun sözlərinə görə, hər il milyonlarla insan quraqlıqlar, daşqınlar, münaqişələr və iqtisadi şoklar nəticəsində aclıqla üzləşir: “Böhrana reaksiyalar çox vaxt böhran tam alovlandıqdan sonra verilir. FSFC bu yanaşmanı dəyişmək üçün nəzərdə tutulub. Bu, sadə, lakin güclü bir həqiqətə əsaslanan qabaqlayıcı tədbir modelidir. Böhran fəlakətə çevrilməmişdən əvvəl hərəkət etmək daha səmərəli və daha sərfəlidir. FAO və tərəfdaşlarının sübutlarına əsasən, qabaqlayıcı tədbirlərə yatırılan hər 1 ABŞ dolları 7 ABŞ dollarına qədər qənaət təmin edə bilər və risk altında olan insanlar üçün daha yaxşı nəticələr verir. Əgər bu sistemə təkrar sığorta mexanizmi də daxil edilərsə, hər 1 dollar 10 dollarlıq əhatə yaratmaq potensialına malikdir”.

Baş direktor qeyd edib ki, 2025-ci il üzrə Qlobal Ərzaq Böhranları Hesabatına əsasən, 2024-cü ildə 53 ölkə və 295 milyondan çox insan yüksək səviyyəli ərzaq təhlükəsizliyi ilə üzləşib: "Bu, əvvəlki illə müqayisədə 13,7 milyon çoxdur. Bu təşəbbüs ilkin olaraq 100 milyon ABŞ dolları cəlb etməyi planlaşdırır. Bunun yarısı sığorta ilə əhatə oluna bilən risklərə dərhal cavab üçün, digər yarısı isə sığortalanmayan risklərə yönəlmiş alternativ maliyyə həlləri üçün istifadə ediləcək. Bu yenilikçi struktur təxminən 1 milyard ABŞ dolları dəyərində fayda gətirə bilər, xərclə fayda nisbəti isə 1:10 ola bilər".

Çıxışının sonunda Qu Dongyu vurğulayıb ki, FSFC dünyada ən zəif təbəqələri qorumaq üçün daha erkən, daha sürətli və daha strateji addımlar atmaq məqsədilə birgə öhdəliyi əks etdirir. Onun sözlərinə görə, FAO hazırda qlobal və regional tərəfdaşlarla birlikdə FSFC-nin tətbiqi və genişləndirilməsi üzərində fəal çalışır.

Seçilən
15
14
report.az

10Mənbələr