AZ

Baş Prokurorluq: Yaxın zamanlarda AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı ekspertizanın nəticələri məlum olacaq

“25 dekabr 2024-cü ildə AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanılıb”.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluq tərəfindən keçirilən brifinqdə deyib.

O, qeyd edib ki, bununla bağlı həm Rusiya, həm Qazaxıstan, həm də Azərbaycanda çoxsaylı ekspertizalar aparılıb: “Bizim birlikdə səylərimiz davam edir, əməkdaşlarımız Qazaxıstana ezam olunub. Ümid edirik ki, yaxın zamanda onların apardıqları ekspertizanın nəticələri məlum olacaq”.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya düşüb. Rusiya tərəfi də hadisə ilə bağlı istintaq qrupu yaratdığını bildirib. Lakin istintaqın nəticəsi barədə heç bir məlumat yoxdur.

Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.

 

 

Seçilən
17
5
operativmm.az

10Mənbələr