Hazırda Rusiya və Azərbaycan arasındakı münasibətlərdə gərginlik yaşanır. Qarşıdakı zaman ərzində bu gərginliyin artan fazaya keçərək pik həddə çatacağını ehtimal etmək olar. Növbəti mərhələ də isə Azərbaycanda fəaliyyət göstərən Rusiya telekanallarının bağlanması da gündəmə gələ bilər. Analoji addımın mesajını ötən gün Ermənistan Milli Asambleyasının sədri Alen Simonyan verdi və o, bildirib ki, buna səbəb Moskvanın Ermənistanın daxili işlərinə qarışmasıdır.
Azərbaycanın da belə bir addım atacağı nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq Tural İsmayılov bildirib ki, Ermənistan artıq Rusiya telekanallarının ölkə ərazisində yayımını məhdudlaşdırmaq istiqamətində ciddi addımlar atır və bu, postsovet məkanında yaranan yeni geosiyasi düzənin bir təzahürüdür.
“Hökumət Rusiya mətbuatını təbliğat aləti kimi qiymətləndirərək informasiya suverenliyini qorumaq niyyətini açıq şəkildə ortaya qoyur. Məsələ təkcə televiziya kanallarının məzmunu ilə bağlı deyil – burada əsas məsələ milli informasiya təhlükəsizliyidir. İndi sual yaranır: Azərbaycanda da belə bir addım atıla bilərmi?
Qısaca cavab: Prinsip etibarilə, bəli – hüquqi və siyasi zəmin buna imkan verir. Azərbaycan uzun illərdir ki, informasiya təhlükəsizliyinin dövlət suverenliyinin tərkib hissəsi olduğunu bəyan edir. Təsadüfi deyil ki, son illərdə ölkə daxilində xarici media təsirlərinin qarşısını almaq, ictimai rəyi manipulyasiya edən platformaları tənzimləmək üçün hüquqi mexanizmlər gücləndirilib. Rusiya telekanalları isə bu baxımdan az problem yaratmayıb. Xüsusən, Qarabağla bağlı xəbərlərdə və regional siyasətə dair şərhlərdə onların qərəzli, çox vaxt açıq-aşkar dezinformasiya yayan mövqeyi artıq illərdir ki, tənqid olunur. Bu telekanallar təkcə informasiya yaymır – onlar həm də Kremlin ideoloji təsir rıçaqlarıdır. Postkolonial reallıqlarda isə belə təsirlər strateji təhlükə kimi dəyərləndirilməlidir. Əgər bir media orqanı Azərbaycana qarşı qərəzli təbliğat aparır, cəmiyyətin içində etimadsızlıq toxumu səpir, dövlətin maraqlarını şübhə altına alırsa, artıq bu, media deyil , informasiya silahıdır”.
Tural İsmayılov qeyd edib ki, Azərbaycanın informasiya məkanında bu tip təsirlərə yer olmamalıdır: Yəni Rusiya telekanallarının fəaliyyəti tənzimlənməsi məsələsi artıq sadəcə media siyasətinə deyil, milli təhlükəsizlik gündəminə aiddir. Rusiya telekanallarının fəaliyyəti beynəlxalq media azadlığı ilə qarışdırılmamalıdır. Bu azadlıq bir dövlətin digərinin daxilinə informasiya ekspansiyası aparmasına yaşıl işıq deyil. Və Azərbaycan da bu təhdidə cavab vermək iqtidarındadır. Gələcəkdə hüquqi mexanizmlərlə bu kanalların fəaliyyətinin dayandırılması və ya məhdudlaşdırılması mümkündür və bu, milli maraqlara tam uyğun bir addım olar. Nəticə olaraq: Ermənistanın Rusiya telekanallarını bağlaması artıq bir presedentdir. Azərbaycan isə bu məsələdə daha ağıllı və çevik davranmalıdır. Çünki təkcə əraziləri deyil, beyinləri də qorumaq zamanıdır”.
Daşqın HəsənovMissiya.Az