“Bir gün əvvəl Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona şifahi nota verilib”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, həmçinin “Sputnik Azərbaycan”ın fəaliyyətindən də danışaraq qeyd edib ki, agentliyin əməkdaşlarının əksəriyyəti Azərbaycan vətəndaşları olmasına baxmayaraq, orada Rusiya vətəndaşları da çalışıb.
Qeyd edək ki, iyunun 30-u səhər saatlarından etibarən DİN “Sputnik Azərbaycan”ın Bakıdakı ofisində əməliyyat keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 7 nəfər saxlanılıb.
Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.
Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.
Başqa sözlə, “Sputnik Azərbaycan”ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq. Lakin “Sputnik Azərbaycan” redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.