Pensiya yaşına çatan insanların işləmək hüququ necə qorunur? Aldıqları ödəniş kifayət etmirsə, onların çıxış yolu nə ola bilər? Ajans.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, təqaüdçülərin işləmək hüququ yalnız bəzi dövlət qurumları və ya hakimiyyət orqanlarında məcburi məhdudlaşdırıla bilər: “Çünki bu qurumlarda müəyyən yaş hədləri var və bu yaşdan sonra həmin şəxslərin fəaliyyət göstərməsi mümkünsüzdür. Lakin qanuna əsasən, digər icra orqanlarında vətəndaş pensiya yaşına çatsa da, ali icra hakimiyyəti orqanının qərarı ilə onun əmək müqaviləsi bir il müddətinə uzadıla bilər. Özəl şirkətlərdə ümumiyyətlə, belə bir qadağa yoxdur, yəni yalnız təqaüd yaşına çatdığına görə kimisə işdən uzaqlaşdıra bilməzlər. Qanun pensiya yaşına çatmış şəxslərin yalnız hakimiyyət və icra orqanlarında deyil, digər qurumlarda da işləməsini qadağan etmir. Beləliklə, pensiyaçılar öz sahələrinə uyğun qaydada dövlət və ya özəl sektorda fəaliyyət göstərə bilərlər”. Hüquqşünas bildirib ki, dövlətin hamını işlə təmin etmək öhdəliyi yoxdur: “Biz SSRİ dövründə yaşamırıq, artıq kapitalizm dövrüdür. Burada iş tapmaq bacarıq və qabiliyyətdən asılıdır. Sosializmi seçsəydik, hər kəsin işlə təmin olunmasını tələb edə bilərdik”.