AZ

Azərbaycan məktəbləri Çin dilinin tədrisinə hazırdır?

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev çıxışlarından birində qeyd edib ki, məktəblərdə Çin dili tədrisini tətbiq etmək istəyirlər.

Maraqlıdır, Azərbaycan məktəbləri Çin dili üçün hazırdırmı və bu dili tədris edəcək kifayət qədər kadr varmı?

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, Azərbaycanda Çin dilinin məktəblərdə tədrisinə başlanılması ilə bağlı verilmiş qərar qlobal siyasi-iqtisadi meyillərlə uyğunluq təşkil etsə də, mövcud təhsil sisteminin real imkanları bu addımın tətbiqinə hələ hazır olmadığını göstərir:

"Təhsil sistemində yeni bir xarici dilin - özü də struktur və fonetika baxımından kəskin fərqlənən bir dilin tətbiqi təkcə siyasi iradə ilə deyil, kadr, metodika və infrastruktur baxımından kompleks hazırlıqla həyata keçirilməlidir. Hal-hazırda Azərbaycanda nə müəllim hazırlığı sistemi, nə də kurikulum səviyyəsində Çin dilinin keyfiyyətli və sistemli tədrisinə imkan verən təməl baza mövcuddur.

Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 6-cı maddəsinə əsasən, təhsil sistemində milli və ümumbəşəri dəyərlərin inteqrasiyası, həmçinin beynəlxalq əməkdaşlıq prinsipləri təmin edilməlidir. Bu müddəa kontekstində Çin dilinin tədrisinə başlanılması qlobal əmək bazarına inteqrasiyanın bir forması kimi izah oluna bilər. Lakin elə həmin qanunun 9.1-ci maddəsinə görə, dövlət təhsil müəssisələrində təhsil Azərbaycan dilində həyata keçirilməlidir, başqa dillər yalnız müvafiq fənn kimi tədris edilə bilər. Bu isə göstərir ki, Çin dili yalnız əlavə və ya seçmə xarici dil statusu ilə sistemə daxil ola bilər. Onun əsas və ya paralel tədris dili kimi tətbiqi qanunvericiliyə uyğun deyil".

Onun sözlərinə görə, hazırda ölkədə Çin dili üzrə ixtisaslaşmış müəllim sayı çox azdır:

"Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universiteti nəzdində məhdud sayda tələbə Çin dili ixtisası üzrə təhsil alır. 2024-cü il üzrə rəsmi məlumatlara görə, ölkədə Çin dilini peşəkar səviyyədə bilən və pedaqoji təcrübəsi olan şəxslərin sayı 15 nəfəri keçmir. Bu kadr bazası ölkədəki 4400-dən çox ümumtəhsil məktəbi üçün qətiyyən kifayət deyil. Əlavə olaraq, Çin dili üzrə ixtisaslı müəllimlərin çoxu ali təhsil və ya tərcümə sahəsində çalışır, məktəb mühitinə uyğunlaşmaq və kurikulum tətbiqi sahəsində təcrübəyə malik deyillər. Bu isə tədris keyfiyyətində ciddi çatışmazlıqlara səbəb olacaq.

Dərslik və metodoloji baza da bu istiqamətdə zəifdir. Hazırda Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Çin dili dərsliyi yoxdur. Bu səbəbdən, Çin tərəfi ilə əməkdaşlıq çərçivəsində təqdim edilən Konfutsi institutlarının materiallarından istifadə planlaşdırılır. Lakin bu vəsaitlər Çin ideoloji təsirini daşıyan məzmunlar olduğu üçün onların Azərbaycanda tətbiqi milli kurikuluma uyğunlaşdırılmadan mümkün deyil. Mövcud dərs vəsaitləri fonetik çətinliklər, məna dərinliyi və sinqrafiya baxımından Azərbaycanlı şagirdlər üçün ağır yükə çevrilə bilər".

K.Əsədov qeyd edib ki, infrastruktur baxımından da Çin dilinin tədrisinə uyğun şərait mövcud deyil.

"Bu dilin tədrisi üçün səsli-lüğət proqramları, fonetik laboratoriyalar, tərcümə proqramları və interaktiv proqram təminatı tələb olunur. Lakin hazırda dövlət məktəblərinin 70 faizində bu cür texniki imkanlar yoxdur. Xüsusilə region məktəblərində laboratoriya, interaktiv lövhə və multimedia resursları ciddi şəkildə məhduddur. Bu isə yeni dilin yalnız kağız üzərində tətbiqini, praktikada isə formal yanaşmanı doğuracaq.

Müsbət tərəf ondan ibarətdir ki, Çin dili qlobal iqtisadi və texnoloji məkanda getdikcə önəm qazanır. Çin Xalq Respublikası Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və gələcəkdə bu ölkə ilə əməkdaşlıq edən mütəxəssislərin hazırlanması üçün bu dilin öyrədilməsi faydalı ola bilər. Bu dilin bilik səviyyəsi beynəlxalq təqaüd və təhsil proqramlarında (məsələn, Confucius Institute Scholarships, China Government Scholarship) iştirak üçün əlavə üstünlükdür. Həmçinin turizm, diplomatiya və texnoloji əməkdaşlıq sahələrində də Çinə bağlı ixtisaslaşma artmaqdadır.

Dünya təcrübəsi göstərir ki, Çin dili yalnız iqtisadi baxımdan Çinlə sıx əlaqəsi olan ölkələrdə, əsasən də Asiya və bir sıra Avropa ölkələrində tədris olunur. Məsələn, Almaniyada yalnız 26 gimnaziyada Çin dili fənni tətbiq edilir və bu, könüllü əsasda öyrədilir. Türkiyədə TÖMER və Konfutsi institutları ilə əməkdaşlıq çərçivəsində yalnız bəzi liseylərdə və universitetlərdə əlavə xarici dil kimi tədris olunur. Bu ölkələrdə Çin dili dərs kimi daxil edilməzdən əvvəl illərlə kadr hazırlığı həyata keçirilib və tədris materialları yerli kurikuluma uyğunlaşdırılıb",- K.Əsədov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın bu ölkələrlə müqayisədə Çin dili ilə bağlı baza resursları çox zəifdir.

"Əgər bu sahədə islahat düşünülürsə, ilkin mərhələdə pilot məktəblərdə, yalnız Bakı və böyük şəhərlərdə, müvafiq infrastruktur və ixtisaslı kadr təmin olunmaqla tətbiq edilməlidir. Paralel olaraq Çin dili müəllimi hazırlığı üçün pedaqoji ixtisaslar açılmalı, xaricdə ixtisaslaşmış müəllimlərin ölkəyə cəlb olunması mexanizmi hazırlanmalıdır. Tədris vəsaitləri yalnız Çin tərəfinin təqdim etdiyi kitablardan yox, Azərbaycanın milli dəyərləri və təhsil strategiyası nəzərə alınmaqla hazırlanmalıdır.

Əgər Çin dili sistemə tələsik, əsaslandırılmamış və hazırlıqsız daxil edilərsə, bu, təkcə vaxt və maliyyə itkisi deyil, həm də təhsilin ciddiyyətinə xələl gətirəcək. Şagirdlərin motivasiyası aşağı düşəcək, nəticələr formal və qeyri-effektiv olacaq. Bu halda, Çin dili sadəcə siyasi jestə çevriləcək və təhsil sistemində əlavə yük yaradacaq.

Bu prosesi uğurla reallaşdırmaq üçün ilk növbədə kadr hazırlığı, kurikulum inteqrasiyası və ictimai ehtiyaclar arasında balans təmin edilməlidir. Əks halda bu təşəbbüs, digər səmərəsiz pilot layihələr kimi nəticəsiz qalacaq və təhsildə keyfiyyət deyil, görüntü üstünlük təşkil edəcək"- Kamran Əsədov əlavə edib.

Məsələ ilə bağlı Trend-ə danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə bildirib ki, Elm və Təhsil Nazirliyinin Azərbaycanda Çin dilinin tədrisinə başlanılması ilə bağlı verdiyi açıqlama əslində ölkənin qlobal təhsil və strateji əməkdaşlıq siyasətinin bir hissəsi kimi qiymətləndirilməlidir:

"Bu təşəbbüs sadəcə dil tədrisi çərçivəsində deyil, eyni zamanda Azərbaycanın Çinlə iqtisadi, siyasi və mədəni əlaqələrinin dərinləşdirilməsi məqsədini daşıyır. Məlumdur ki, bir neçə ay öncə Azərbaycan-Çin Birgə Universitetinin yaradılması ilə bağlı rəsmi səviyyədə danışıqlar aparılıb və bu təşəbbüs həmin prosesin tərkib hissəsi kimi görünür. Belə bir universitetin yaradılması təkcə ali təhsil müstəvisində deyil, gələcəkdə ümumi təhsil sistemində də Çin dilinin daha sistemli şəkildə tətbiqinə zəmin yarada bilər.

Bununla belə, realist yanaşsaq, mövcud mərhələdə Azərbaycan məktəblərinin Çin dilinin tədrisinə tam hazır olduğunu demək çətindir. Çünki bu sahədə əsas problemlərdən biri ixtisaslı kadr çatışmazlığıdır. Hazırda ölkəmizdə Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti kimi bir neçə ali məktəbdə Çin dili üzrə ixtisaslar mövcuddur, lakin bu proqramlardan məzun olanların sayı hələlik məktəb sisteminin ehtiyaclarını tam qarşılayacaq səviyyədə deyil. Eyni zamanda, Çinlə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Konfutsi İnstitutları mövcuddur, amma onların fəaliyyəti əsasən ali təhsil müstəvisində və fərdi maraq dairəsində olan şəxslərlə məhdudlaşır".

Ekspert qeyd edib ki, Çin dili spesifik və mürəkkəb yazı sisteminə malik bir dildir:

"Onun tədrisi üçün sadəcə dil biliyi deyil, həm də həmin dili öyrətmək metodikasına yiyələnmiş, xüsusi hazırlıq keçmiş pedaqoqlara ehtiyac var. Bu baxımdan, Çinli müəllimlərin ölkəyə dəvət olunması, eyni zamanda yerli mütəxəssislərin Çin universitetlərində təhsil almağa göndərilməsi kimi addımlar bu sahədə olan boşluqları müəyyən qədər kompensasiya edə bilər. Digər tərəfdən, kurikulum və dərslik məsələsi də mühüm əhəmiyyət daşıyır. Çin dili üzrə dərsliklər və resurslar Azərbaycan təhsil sisteminə uyğunlaşdırılmadan tədris prosesi effektiv ola bilməz. Bu sahədə yeni və lokal kontekstə uyğun materialların hazırlanması zəruridir".

"Qeyd ediləsi digər bir məsələ isə texnoloji dəstəkdir. Çin dilinin öyrədilməsi üçün rəqəmsal platformalar və interaktiv proqramlar olduqca faydalıdır. Elm və Təhsil Nazirliyi bu sahədə beynəlxalq platformalarla əməkdaşlıq etsə, tədris prosesi həm şagirdlər, həm də müəllimlər üçün daha cəlbedici və effektiv ola bilər.

Ümumilikdə isə, Çin dilinin tədrisi təşəbbüsü çox doğru və gələcəyə hesablanmış addımdır. Lakin bu istiqamətdə uğur qazanmaq üçün məsələ təkcə siyasi iradə və qərarla yekunlaşmamalıdır. Güclü kadr potensialı, metodiki baza, pilot layihələrlə dəstəklənmiş mərhələli tətbiq modeli və davamlı nəzarət sistemi olmadan bu cür təşəbbüslər formal xarakter daşıya bilər. Ona görə də bu qərar strateji baxımdan əhəmiyyətli olsa da, icra mərhələsində ciddi peşəkarlıq və koordinasiya tələb edir. Hazırda vəziyyəti "potensial var, amma hazırlıq mərhələsi tələb olunur" kimi xarakterizə etmək daha obyektiv olar",- deyə ekspert fikirlərini tamamlayıb.

Seçilən
29
50
day.az

10Mənbələr