Aktual.az xəbər verir ki, tədqiqat zamanı iştirakçılar maqnit-rezonans tomoqrafiya (MRT) cihazına yerləşdirilərək müxtəlif açıq və qapalı məkanların fotolarına baxıblar. Paralel şəkildə onların beyin fəaliyyətləri qeydə alınıb.
Qroen bildirir ki, məqsəd yalnız görüntüdəki obyektlərin və rənglərin deyil, eyni zamanda mühitlə fiziki qarşılıqlı təsirin, yəni hərəkət imkanlarının (üzmək, velosiped sürmək, dağ cığırında gəzmək) beyində necə təmsil olunduğunu aşkara çıxarmaq olub. Araşdırma nəticəsində müəyyən edilib ki, vizual korteksin bəzi hissələri yalnız görünən obyektlərə deyil, həm də mühitdə edilə biləcək hərəkətlərə reaksiya verir. Maraqlısı budur ki, bu aktivlik iştirakçılara konkret təlimat verməsə də avtomatik şəkildə baş verir.
Tədqiqatçılar "ChatGPT" və digər süni intellekt modellərinin bu cür fəaliyyət imkanlarını da müqayisə ediblər. Nəticələr göstərib ki, AI modelləri bu sahədə insan beyninə yaxınlaşa bilmir. Xüsusi şəkildə hərəkəttanıma üçün təlim görsələr belə süni intellekt insan beyninin təbii reaksiyalarına uyğun gəlmir.
Qroen qeyd edir: "Hətta ən qabaqcıl AI sistemləri belə, insan üçün intuitiv və sadə olan bir mühiti düzgün qiymətləndirməkdə çətinlik çəkir. Bu da sübut edir ki, insan qavrayışı dünyanı bədənimizdəki fiziki qarşılıqlı əlaqə yolu ilə başa düşür. Süni intellekt isə bu bacarığa malik deyil, çünki onun təməli yalnız kompüter hesablamalarına əsaslanır".
Tədqiqat insan beyni haqqında bu biliklərin süni intellekt sistemlərinə inteqrasiya olunmasının mümkün faydalarına da işarə edir. Qroen bildirir ki, xüsusilə səhiyyə və robot texnikası kimi sahələrdə, AI-nin yalnız vizual məlumatı deyil, həm də fiziki mühitdə mümkün hərəkətləri anlama bacarığı kritik əhəmiyyət daşıyır.