Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə keçirilən qəbul və fəlsəfə doktoru imtahanında ciddi texniki problemlər müşahidə olunub.
Eyni zamanda imtahanın dinləyib-anlama (listening) bölməsində səs sistemində yaranan nasazlıqlar iştirakçıların narazılığına səbəb olub. Bir çox imtahan mərkəzində səsləndirilən monoloq və dialoqlar ya çox zəif eşidilib, ya da ümumiyyətlə anlaşılmayıb. Bu isə abituriyentlərin tapşırıqları düzgün başa düşməsinə və cavablandırmasına ciddi maneə yaradıb.
İştirakçılar həmçinin test tapşırıqları və yazı blokunun da əvvəlki illərlə müqayisədə xeyli çətin olduğunu vurğulayıblar. Xüsusilə dildən istifadə və esse bölməsində təqdim olunan materialların yüksək səviyyədə dil bilikləri tələb etməsi iştirakçılarda narazılıq yaradıb.
Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? İmtahanın düzgün və ədalətli keçirilməsi üçün hansı sistem dəyişiklikləri tövsiyə oluna bilər?
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Bizim.Media-ya açıqlamasında bildirib ki, dissertantura və doktorantura pillələri üzrə xarici dil fənnindən keçirilən imtahanlar cəmiyyətdə tez-tez narazılıqlara səbəb olur.
“Bir çoxları isə bu imtahanın ümumiyyətlə nə dərəcədə zəruri olduğunu barədə narazılıq edir. Əgər tədqiqat işi yalnız Azərbaycanın daxilində aparılacaqsa, araşdırmanın beynəlxalq miqyası olmayacaqsa, o zaman xarici dil biliklərinin bu qədər kəskin şəkildə tələb olunması nə dərəcədə gərəklidir?
Xarici dil biliyinin kütləvi şəkildə və vahid meyarlarla yoxlanması hər zaman doğru nəticə vermir. DİM təkcə dissertasiya imtahanlarında deyil, hətta ali məktəblərə qəbul zamanı keçirdiyi blok imtahanlarında da xarici dillə bağlı problemlərlə üzləşir.
Məsələn, DİM tərəfindən tətbiq olunan qiymətləndirmə meyarları ingilis və rus dili üçün nəzərdə tutulmuş şkalalara əsaslansa da, bu yanaşma alman və fransız dillərinə də eynilə tətbiq olunur. Halbuki, hər bir dilin özünəməxsus ölçmə və qiymətləndirmə xüsusiyyətləri mövcuddur. Bu isə ədalətli və obyektiv nəticələrin əldə olunmasına mane ola bilər”.
Onun sözlərinə görə, (DİM) publik hüquqi şəxs statusu aldıqdan sonra sistemdə ciddi yeniliklərə getmir.
“Qurum üzərində ciddi şəkildə işləməli, sistem dəyişikləri etməlidir”,- deyə ekspert vurğulayıb.
Ayşən Rəhim, Bizim.Media