Əli Orucov: "İranın nüvə proqramına dəstək versə də, Moskva Tehranın nüvə silahına sahiblənməsinə qarşıdır, çünki İranla Moskva arasında toqquşan nöqtələr də var"
Hazırda Lukaşenko rejiminin xarici siyasətinin əsas prioriteti ABŞ-la münasibətlərin normallaşdırılmasıdır. Tarixçi Aleksandr Fridmanın fikrincə, bu məqsədə çatmaq üçün hakimiyyət risqlərə getməyə və xarici çağırışlara məhəl qoymamağa hazırdır.
27 iyun 2025-ci ildə Minskdə Avrasiya İqtisadi İttifaqının (Aİİ) növbəti sammiti keçirildi. İran prezidenti Məsud Pezeşkian sammitdə qonaq olmalı idi. İslam Respublikası Aİİ-də müşahidəçi dövlət statusuna malikdir və 2025-ci ilin mayında İranla ittifaq üzvləri arasında azad ticarət sazişi qüvvəyə minib.
Belarus Xarici İşlər Nazirliyinin iyunun ikinci ongünlüyünün sonunda ümid etdiyi Pezeşkianın səfəri İsrail və İran arasında on iki günlük müharibə səbəbindən ləğv edilib. İran lideri şəxsən iştirak etmək əvəzinə həmkarlarına videobağlantı ilə müraciət edib və orada, gözlənildiyi kimi, ABŞ-ı və ilk növbədə İsraili kəskin tənqid edib, onu “İran İslam Respublikasına qarşı amansız hücum və qanunsuz terror silahlı hücumları”nda ittiham edib.
Putin isə bu sammitdə dünyada baş verən bütün hadisələrə toxunub, yalnız İranin Fordo nüvə zənginləşdirən zavodunun Amerikanin B-2 təyyarələri ilə vurulmasından bir kəlmə də kəsmədi. Maraqlıdır, Putin bu məsələyə nə əcəb toxunmayıb? Yoxsa iranli həmkarı, Aİİ-nin sammitinə qatılmayan Məsud Pezeşkianın bu yolla qıcıqlandırmaq istəyir?
Baki-xebər.com-a açıqlamasında politoloq Əli Orucov bildirdi ki, dünyada gedən sürətli proseslər və dəyişkənlik ənənəvi stereotipləri dağıtdı: "Regional və beynəlxalq institutların yerini tədricən dövlətlərin milli maraqlarının müdafiəsi tutmaqdadır. Eyni zamanda hamılıqla qəbul edilən hüquq normalarının və prinsiplərin deqradasiya uğraması kiçik və inkişaf etməkdə olan dövlətlərin xarici siyasətində dinamizm və çevikliyi daha vacib edir. Rusiyanın Ukraynaya təcavüzündən, ABŞ-ın yeni prezidentinin aqressiv və sistemsiz yürütdüyü siyasətindən sonra dövlətlərin təhlükəsizlik qayğıları artıb. Bir vaxtlar Rusiyanın patronajlığı altında yaradılan KTMT, Avrasiya İqtisadi İttifaqı kimi hərbi, iqtisadi təşkilatlar müasir dövrün çağırış və tələbatlarına cavab verə bilmədiyindən artıq cəlbedici görünmür. Ermənistan KTMT-də fəaliyyətini qismən dayandırıb, Mərkəzi Asiya Türk Dövlətləri, hətta Putinin yaxın müttəfiqi, Moskvadan asılı olan Belarus alternativlər axtarışındadır və Qərbə can atır. Aİİ-də təmsil olan dövlətlər Rusiyada baş qaldıran imperiyapərıstlərin yaratdığı təhlükələrin ciddiliyini anlayaraq ehtiyatlı davranış şərgiləməkdədir. İran Rusiya ilə strateji saziş imzalamaqla İsrail-ABŞ tandeminin doğurduğu təhlükəsizlik risqlərini bir qədər azaltmağı planlaşdırmışdı, ancaq göründüyü kimi, hesablamaları düzgün nəticə vermədi.
Moskva nəinki Tehrana dəstək vermədi, hətta qarşıdurmadan öz maraqlarının təmin edilməsi üçün istifadə edib sövdələşməyi üstün tutdu. İran güdaza verildi. İran ABŞ-la düşməndir. Pezeşkian Aİİ-ni Vaşinqtona və Təl-Əvivə qarşı platforma kimi istifadə etməyə çalışırdı. Ancaq nə Rusiya, nə də Aİİ-də təmsil olunan dövlətlər Birləşmiş Ştatlarla münasibətlərini İrana görə əsla korlamaz. İsrailə qarşı da bu addımı atmazlar. Putinin Trampla öz oyunları var. Və Ağ Ev administrasiyasının rəhbərinin populizm və qeyri-mütənasib siyasətindən bəhrələnməklə cəbhədə mövqelərini möhkəmlətməyi hədəfləyir. Göründüyü kimi, Putin üçün İranın problemi prioritet deyil. İranın nüvə proqramına dəstək versə də, Moskva Tehranın nüvə silahına sahiblənməsinə qarşıdır, çünki İranla Moskva arasında toqquşan nöqtələr də var. Rusiyaya və Aİİ-yə üzv digər dövlətlərə Tehranın nüvə arsenalına malik olması təhdid yaratdığından, bu mövzuda Tehranla məsafədədirlər. Bütün bunlar Aİİ-nin gələcəyini də sual altında qoyan əsaslı faktorlardır".
Dəniz NƏSİRLİ