"Müharibənin taleyi Qərbin iradəsindən asılıdır..."
Son üç il yarım ərzində Ukrayna bir sıra gözlənilməz və təsiredici hərbi uğurlar əldə edib, lakin Qərbin dəstəyi yetərli və vaxtında olmadığı üçün münaqişə uzanıb.
Moderator.az xəbər verir ki, bu barədə nüfuzlu "Foreign Affairs" jurnalı öz yeni təhlilində yazıb.
Tramp gəldi, ümidlər artdı…
2025-ci ilin əvvəlində ABŞ prezidenti vəzifəsinə Donald Trampın qayıdışı Vaşinqtonda böyük gözləntilər yaratdı. Tramp seçki kampaniyası zamanı "müharibəni 24 saata bitirəcəyini" deyirdi. Bu vəd reallığa uyğun olmasa da, bir çox ekspertlər yaxın bir razılaşmanın konturları və şərtləri barədə düşünməyə başlamışdı.
Amma əslində, bu nikbinlik daha çox Ukraynanın uduzacağı və nəhayət, məcburi danışıqlara razılaşacağı qənaətindən qaynaqlanırdı. Tramp özü də Ukrayna prezidentinin "əlində artıq heç bir kartın qalmadığını" bildirərək bu yanaşmanı daha da alovlandırırdı. Eyni zamanda, bir başqa yanlış qənaət də mövcud idi: sanki Rusiya prezidenti Vladimir Putinin işğal planları qarşısında heç nə dayana bilməz.
Səhvlər, gecikmələr və yanlış yanaşmalar
"Foreign Affairs" yazır ki, bu iki fərziyyə - Ukraynanın uduzması və Putinin dayanıqsız hökmranlığı döyüş meydanındakı real mənzərəni və siyasi imkanların genişliyini lazımi qədər əks etdirmir. Həqiqət isə budur: bütün çətinliklərə baxmayaraq, Ukrayna 2022-ci ildə Kiyevə hücumu dəf edib, Xarkov vilayətində min kvadratkilometrlik ərazini azad edib və bu yaxınlarda dünyanı heyrətləndirən "Hörümçək toru" əməliyyatını həyata keçirib.
Jurnalın fikrincə, ən böyük problem nə ukraynalıların sayca azlığı, nə də onların zəif iradəsi olub. Əsl əngəl Qərbin Ukraynaya qabaqcıl silah və texnologiyaları vaxtında və yetərincə verməməsidir. Qərb müharibəni Ukraynaya "çox silah verməklə" deyil, əksinə, "çox az və çox gec" verməklə uzadıb.
Rusiya iqtisadiyyatı zəifdir, onu durdurmaq olar
Jurnal bildirir ki, Rusiya iqtisadiyyatı bir çox analitiklərin düşündüyündən daha zəifdir və sanksiyalarla bu ölkənin hərbi potensialı ciddi şəkildə sarsıdıla bilər. Lakin Qərbin tətbiq etdiyi iqtisadi tədbirlər də yetərincə sərt və düşünülmüş olmayıb. Sanksiyalar çox vaxt gecikib, bəzən də sadəcə rəmzi xarakter daşıyıb. Bu səhvlərə baxmayaraq, Ukraynanın qələbəsi, - əgər "qələbə"ni ölkənin suverenliyini qoruyub saxlamaq və NATO ilə Avropa İttifaqına inteqrasiyanı davam etdirmək kimi anlamaq istəyiriksə, - hələ də realdır.
Qərbin edə biləcəyi çox şey var
"Qələbə tez, ucuz və asan gəlməyəcək. Amma o, mümkündür və indiki status-kvonu qorumaqdan daha az insan itkisi və daha az maliyyə ilə başa gələ bilər", - məqalədə qeyd olunur. Lakin bunun üçün Qərb, xüsusilə də Avropa siyasi iradəsini səfərbər etməli, yardım miqdarını artırmalı və Rusiyanın hərbi iqtisadiyyatına daha sərt iqtisadi zərbələr endirməlidir.
Kremlin genişlənmə planları
Eyni zamanda, Amerikamın Müharibənin Öyrənilməsi İnstitutunun son hesabatı göstərir ki, Kremlin planları yalnız Krım və dörd işğal olunmuş regionla məhdudlaşmır. Prezident Putin bu yaxınlarda Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin "inkişafı" ilə bağlı iclas keçirib və bu əraziləri "Donbass və Novorossiya" adlandırıb. Bu isə onu göstərir ki, Kreml hələ də genişlənmə planlarından əl çəkməyib.
Seçim hələ Qərbin əlindədir
Yekun olaraq, "Foreign Affairs" xəbərdarlıq edir: Ukraynanın qələbəsi Qərbin qərarına bağlıdır. Əgər ABŞ və Avropa həqiqətən bu münaqişəni sona çatdırmaq və demokratiyanı qorumaq istəyirlərsə, bunun üçün hələ də imkanlar var. Amma zaman sürətlə ötür və siyasi iradənin olmaması bu fürsəti əldən qaçıra bilər.