Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünüə hazırlaşan “Şamaxı” futbolçusu Vüsal Məsimov ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Vüsala xidmətləri üçün təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Sol cinah müdafiəçisi olan Vüsal Məsimov “Şamaxı”ya bu ilin yanvar ayında “Səbail”dən keçmişdi. 25 yaşlı futbolçunun əyalət klubu ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var idi. O, “Şamaxı”nın heyətində 11 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Məsimov karyerası ərzində “Kəpəz”, “Turan Tovuz”, “Səbail” və “Qəbələ” kimi klubların da formasını geyinib. O, Azərbaycanın U-19 yığmasında oynasa da, əsas milliyə dəvət almayıb.
“Şamaxı” daha öncə Kamal Bayramov, Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli və Cəlal Hüseynovla da yollarını ayırmışdı. Gedənlərin əvəzində Emil Süleymanov, Oruc Məmmədov və Həbib İsmayılov heyətə cəlb olunub. Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli isə əyalət klubu ilə yeni müqaviləyə imza atıb.