Bu ilin martın 31-nə olan məlumata görə, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Xızı-Abşeron Külək Elektrik Stansiyasının (KES) tikintisinə yatırdığı investisiyaların həcmi 1,073 milyard Səudiyyə riyalı (486,374 milyon manat) təşkil edib.
Bu barədə “Report” şirkətin rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Şirkətin baş direktoru Marko Arçelli bildirib ki, 2025-ci ilin birinci rübündə bütün fəaliyyət istiqamətləri üzrə yeni biznes sahələrinin inkişafı davam etdirilib:
“Bu təşəbbüslər gələcəkdə stabil və proqnozlaşdırıla bilən gəlir və pul axını üçün baza yaradır, eyni zamanda layihələndirmə, təchizat və tikinti idarəçiliyi üzrə gəlirlər hesabına indiki maliyyə nəticələrimizə də əhəmiyyətli töhfə verir”.
“ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven “Report”a bildirib ki, 2025-ci ilin avqust ayında “Xızı-Abşeron” KES-də mərhələli şəkildə enerji istehsalına başlanması planlaşdırılır. Layihənin tam istismara verilməsi isə 2025-ci ilin IV rübündə nəzərdə tutulur.
Onun sözlərinə hörə, hazırda Abşeron rayonunun Qobustan sahəsində quraşdırılmış 12 turbina tam şəkildə montaj olunub və onların işə salınması 2025-ci ilin III rübünə planlaşdırılıb. Eyni zamanda Xızıda yerləşən sahədə turbinlərin montajı davam edir.
Layihə başa çatdıqdan sonra külək stansiyası ildə təxminən 907 milyon kilovat/saat təmiz elektrik enerjisi istehsal edəcək ki, bu da 300 mindən çox azərbaycanlı ailənin enerji tələbatını qarşılamaq üçün yetərlidir.
Qeyd edək ki, stansiya Abşeron (1-ci sahə) və Xızı (Xızı-3 sahəsi) rayonlarının ərazisində, Çaylı və Sitalçay kəndlərində yerləşir. Ümumilikdə, layihə çərçivəsində 37 külək turbini quraşdırılacaq – onlardan 12-si Abşeronda, 25-i isə Xızıda yerləşəcək.