Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə "Star-M" və "Şanş" MTK-ların faktiki rəhbəri Məhərrəm Məhərrəmovun cinayət işi üzrə proses keçirilir.
Musavat.com xəbər verir ki, ittihama görə, Məhərrəm Məhərrəmov Bakı şəhərində yerləşən yaşayış binalarında mənzil almaq istəyən vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahələrini saxta müqavilə və maliyyə arayışları ilə sataraq külli miqdarda vəsaiti ələ keçirib.
M.Məhərrəmov "Star-M" və "Şanş" MTK-ların faktiki rəhbəridir.
Məhkəmədə o, ittiham üzrə özünü təqsirli hesab etmədiyini deyib.
İş üzrə zərərçəkmiş şəxs Dürdanə Axundova bildirib ki, 2018-ci ildə Məhərrəm Məhərrəmovun qohumu olan bir qadından mənzil alıb. Öyrənib ki, həmin qadın mənzili 2016-cı ildə Məhərrəm Məhərrəmovdan alıb:
"Evə dünyanın xərcini çəkib təmir etdirmişik. 8 il sonra qadın gəlib deyir ki, ev onundur. Hazırda həmin mənzildə yaşayırıq".
Digər zərəçəkmiş şəxslər isə prosesə qatılmayıblar.
Növbəti məhkəmə iclası iyulun 22-nə təyin edilib.
Qeyd edək ki, Məhərrəm Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 178.2.3 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
İnarə HÜNBƏT,
Musavat.com