Yekaterinburqda qətlə yetirilən qardaşların heç biri iti alət və odlu silahla vurulmayıb, onlar küt alətlə vurulublar.
Heftelik.az-ın məlumatına görə, ki, bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, ekspertizanın rəyinə əsasən, meyitlərin xarici və daxili müayinəsində çoxlu travmalara rast gəlinib.
Ədalət Həsənov bildirib ki, dünən meyitlər axşam saatlarında Birliyin şöbəsinə qəbul edilib və meyitlərin müayinəsi gecəyarısı başa çatıb:
“Biz ekspertiza zamanı Səfərov Hüseyn Mehdi oğlunun bədənində xarici və daxili travmalar aşkarladıq. Sümüklərin yerdəyişmiş sınığı var, döş qəfəsi deformasiyaya uğrayıb. Gözətrafı nahiyədə gicgahdan başlayan böyük hematoma, üst və alt dodağın selikli qişasında qançırlar, alnın sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində, yuxarı ətraflarda qançırlar. Xayalıqda qançırlar. Aşağı ətraflarda, budda qançır və sıyrıqlar aşkarlandı”.
O qeyd edib ki, bir dəfə müayinə edilmiş meyitin ikinci dəfə təkrar ekspertizası çətin olur: “Meyitin daxili müayinəsində isə kəllədaxili qansızmalar, baş beynin sərt və yumşaq qişasında qansızmalar, qabırğaların ikitərəfli, çoxsaylı anatomik xətlər üzrə yerdəyişmiş sınıqları aşkarlandı. Ağciyərin sümük ucları tərəfindən kəsilməsi, qabırğaarası əzələlərdə qansızmalar, parietal plevranın, ağciyərlərin cırılması və ikitərəfli hemapnevmatoroks vəziyyəti aşkarlandı. Bundan başqa periton partlaması, qanla örtülməsi müəyyən edildi”.
Ədalət Həsənov əlavə edib ki, Səfərov Hüseyn Mehdi oğlunun ölüm səbəbi posttravmatik və posthemarragik şok olub.
“Meyitləri müayinə etməmişdən əvvəl onların ölüm haqda tibbi şəhadətnamələrini təqdim etdilər. Sverdlovsk vilayətinin verdiyi ölüm haqda şəhadətnamələr verilib. Səfərov Hüseyn Mehdi oğlunun ölüm haqda şəhadətnaməsində ölüm səbəbi travma göstərilib”.
Ədalət Həsənov vurğulayıb ki, Qraçova Kseniya Valeryevnanın apardığı ekspertiza nəticəsində onun küt travma ilə qətlə yetirildiyi qeyd edilib: “İkinci qardaşın rəyində isə ürəktutmadan, kəskin ürək çatışmazlığından öldüyü qeyd edilib”.