AZ

"İstanbulda karikatura qalmaqalı: İslami dəyərlərə toxunan rəsmlər ölkəni ayağa qaldırdı" - "Haberler"

 
"Bu, dini dəyərlərin təhqiri deyil, əksinə, zülmə məruz qalan müsəlmanların haqlı mübarizəsini göstərmək niyyəti daşıyır..."
 
30 iyun axşamı İstanbulun mərkəzində ciddi qarşıdurmalar baş verib. Səbəb - siyasi satira dərgisi "LeMan"da dərc olunmuş bir karikatura olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Haberler" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, sözügedən rəsmdə bir müsəlman və bir yəhudi - adları Mühəmməd və Musa kimi göstərilən şəxslər mələk qanadları və halələr ilə göydə görüşür, bu zaman isə yerə bombalar düşür. Rəsm sosial şəbəkələrdə sürətlə yayılaraq geniş qəzəb doğurub.
 
 
"LeMan" redaksiyası iddia edir ki, bu karikatura nə İslam peyğəmbəri Məhəmmədi, nə də Musa peyğəmbəri əks etdirir. Redaktorların sözlərinə görə, "Məhəmməd" adı, İsrailin bombardmanlarında həlak olan şəhid bir müsəlmanı təmsil edən rəmzi ad kimi seçilib. Onlar vurğulayıb ki, bu, dini dəyərlərin təhqiri deyil, əksinə, zülmə məruz qalan müsəlmanların haqlı mübarizəsini göstərmək niyyəti daşıyır.
 
Buna baxmayaraq, hadisə ölkədə geniş rezonans doğurub. Yüzlərlə insan "Allahu Əkbər" şüarları ilə İstanbulun turistik küçələrinə çıxaraq şəriət tələb edib. Jurnalın yerləşdiyi redaksiya binasına hücum olub, qapılar qırılıb. Bir nümayişçi isə "Peyğəmbərimiz üçün canımızı verərik, can da alarıq" deyə qışqırıb.
 
Türkiyə hakimiyyəti baş verənlərə dərhal reaksiya verib. Daxili işlər naziri Ali Yerlikaya hadisəni "təxribat" adlandırıb və məsul şəxslərin cəzalandırılacağını bildirib. Dörd karikatura müəllifi saxlanılıb , DİN onların evlərində aparılan əməliyyat zamanı görüntüləri yayımlayıb . Karikaturaçılar kameraya göstərilərək "heç kim təhlükəsizlik qüvvələrimizdən və ədalətdən yayına bilməz" mesajı verilib.
 
Redaksiya son olaraq oxuculardan üzr istəyərək açıqlama yayıb: "Biz zülmə məruz qalan müsəlman xalqının məsumluğunu göstərmək istədik. Rəsm əsla Peyğəmbərimizin təsviri deyil. Bu cür yozum ancaq çox pis niyyətlə edilə bilər". İstanbul valisi Davut Gül isə bu cür "hücumlarla dini dəyərlərin hədəf alınmasını" cəmiyyət üçün təhlükəli adlandırıb və bu "zehniyyətin qarşısının alınmasının vacibliyini" vurğulayıb.
 
Hadisə Türkiyədə söz azadlığı və dini dəyərlər arasında tarazlığın bir daha müzakirə mövzusuna çevrildiyini göstərir.
Seçilən
8
32
moderator.az

10Mənbələr