ain.az bildirir, Sherg.az portalına istinadən.
Ağa Hacıbəyli: Baş və bədənin örtülməsi birbaşa ayə ilə sabit olan dini göstərişlərdir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üzü örtən geyimlərlə bağlı məsələni tənzimləyən qanunu imzalayıb.
Bu barədə Tengrinews.kz məlumat yayıb.
Məlumata görə, artıq belə geyimlərdən istifadə rəsmi olaraq qadağandır.
Bildirilir ki, qadağa niqab kimi üzü örtən digər dini geyimlərə də şamil edilir.
Xatırladaq ki, qadağanın təşəbbüskarı ölkə parlamenti olub.
İlahiyyatçı Ağa Hacıbəyli “Sherg.az”a açıqlamasında bildirdi ki, hər keçən gün dünyada İslama və ümumilikdə dinə münasibət müxtəlif formalarda təzahür edir:

“Bəzi regionlarda dinə qarşı tolerant və müsbət yanaşmalar müşahidə olunduğu halda, digər bölgələrdə daha sərt və bəzən qəddar müdaxilələrə rast gəlinir. Hər halda bu kimi hallar, əslində, qlobal miqyasda sabit və rahat həyat tərzinin mövcud olmadığının dəlilləridir. İslam dini baxımından qadın yüksək dəyərə malik olan və cəmiyyətdə mühüm rol oynayan bir varlıq kimi qəbul edilir. Qadın, İslamda ana olmaq kimi ali bir mərtəbəyə yüksələ bilən və bu statusla müqəddəs bir məqam qazanan insandır. Bu səbəbdən, İslam dini qadının şəxsiyyətini və kimliyini qorumağa, onun həm mənəvi, həm də fiziki bütövlüyünü təmin etməyə xüsusi önəm verir. Qurani-Kərimdə qadının geyimi və örtünmə qaydaları ilə bağlı bir neçə ayədə o cümlədən Əhzab surəsinin 59-cu və Nur surəsinin 31-ci ayəsində hökmlər mövcuddur. İslam hüquq terminologiyasında başın örtülməsi “ximar”, bədənin örtülməsi “cilbab”, üzün örtülməsi isə “niqab” termini ilə ifadə olunur. Baş və bədənin örtülməsi birbaşa ayə ilə sabit olan dini göstərişlərdir. Lakin niqab məsələsi, yəni üzün örtülməsi klassik fiqh məktəbləri arasında müxtəlif qiymətləndirmələrə səbəb olub. Bəzi fiqh məktəbləri niqabı vacib, digərləri isə müstəhəb (tövsiyə olunan) hesab edir”.
İlahiyyatçının sözlərinə görə bu gün də, istər Azərbaycanda, istərsə də digər müsəlman ölkələrində müəyyən sayda müsəlman qadınlar niqabı iffət və imanlarının bir göstəricisi kimi qəbul edərək onu könüllü şəkildə tətbiq edirlər:
“Hərçənd ki, bu təcrübə geniş kütləyə şamil edilməsə də, müəyyən bir sosial qrupun dini praktikasının ayrılmaz hissəsidir. Belə olan halda, gələcəkdə niqabla bağlı tətbiq oluna biləcək məhdudiyyətlər həmin şəxslər tərəfindən dini həyat tərzinə müdaxilə kimi qəbul edilə və ictimai etirazlara səbəb ola bilər. Bu mənada məsələ daha çox təqdimat forması və yanaşma tərzi ilə bağlıdır. Azərbaycan tarixən dini dəyərlərə və xalqının inancına hörmətlə yanaşan sosial dövlət modeli nümayiş etdirir. Gələcəkdə qanunvericilik təşəbbüsləri zamanı da bu prinsiplərin qorunacağına ümid edirik. Lakin digər ölkələrdə, xüsusilə də Avropa dövlətlərində din azadlığı adı altında bəzi hallarda ciddi məhdudiyyətlər tətbiq olunur ki, bu da müsəlmanların həyat tərzinin sərbəst ifadəsinə əngəl yaradır. Hər halda biz bir müsəlman kimi tək niqab deyil, bütün dəyərlərimizi, bizə aid olan ənənələrimizi, adətlərimizi qorumaqla mükəlləfik. Bu, bizim dəyərimizdir, bunu da biz dəyər verib, təqdir etməliyik”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.