Yekaterinburqda saxlanılan azərbaycanlılardan biri - Bakir Səfərovun həbs müddəti uzadılıb.
Məhkəmə onun barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçib.
12:44
Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının iyunun 27-də keçirdiyi reyd nəticəsində saxlanılan azərbaycanlılardan biri - Bakir Səfərovun həbs qətimkan tədbirinin uzadılması məsələsi ilə bağlı məhkəmə iclası keçirilir.
Bu gün yerli vaxtla saat 16:30-da daha bir saxlanılan şəxs - Əhliman Gənciyevin işi üzrə məhkəmə iclası keçiriləcək.
İyunun 26-sı səhər saxlanılan Şahin Lalayevin qətimkan tədbirinin uzadılması ilə bağlı sabah yerli vaxtla saat 10:30-da dinləmənin keçirilməsi gözlənilir.
Əvvəlcə məhkəmə işdə adı keçən hər üç şəxsi üç gün müddətinə həbs etmişdi.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.