Fransada təsirli olan şiddətli isti hava şəraiti səbəbilə ölkə üzrə təxminən 1 350 məktəb tam və ya qismən bir günlük bağlanıb.
"Cebheinfo.az" xəbər verir ki, Fransa Meteorologiya Agentliyi Meteo France, Paris də daxil olmaqla 16 vilayətdə qırmızı xəbərdarlıq, 68 vilayətdə isə narıncı xəbərdarlıq elan edildiyini bildirib.
Havanın gün ərzində ən aşağı 20°C, ən yüksək isə 41°C -yə qədər yüksələcəyi gözlənilir.
Dünən də eyni səbəbdən 750 məktəbdə dərslər təxirə salınmışdı.
Aşırı istidən əlavə, Paris və ətrafında ozon çirkliliyində artım müşahidə olunub və bu vəziyyət yerli idarələri hərəkətə gətirib.
Paris Polis İdarəsinin verdiyi açıqlamaya görə, ətraf mühiti az çirkləndirən bəzi nəqliyyat vasitələri istisna olmaqla, digər bütün avtomobillərin hərəkətinə qadağa qoyulub.
Qanunla icazə verilən xidmət maşınları bu məhdudiyyətdən azaddır və bəzi bölgələrdə sürət limiti də azaldılıb.
Qeyd edək ki, yüksək temperatur səbəbilə Tarn-et-Garonne vilayətində yerləşən “Golfech” atom elektrik stansiyasının bir reaktoru 29 iyun tarixindən etibarən fəaliyyətini dayandırıb.