Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan "Baykar" İtaliyanın 140 illik tarixi olan "Piaggio Aerospace" şirkətini satın aldığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu addım Türkiyə ilə İtaliya arasında sənaye əməkdaşlığını gücləndirməyə yönəlib.
"Baykar" tərəfindən verilən məlumata görə, satınalma prosesi 2024-cü ilin dekabrında İtaliya hökumətinin ilkin razılığı ilə başlayıb və Baş nazirlik Ofisinin yekun təsdiqindən sonra rəsmiləşib. Əməliyyatın dəyəri açıqlanmayıb.
"Baykar"ın İdarə Heyətinin sədri və texnologiya rəhbəri Selçuk Bayraktar, bu addımın məqsədinin P.180 Avanti EVO model təyyarənin istehsalını artırmaq, Avropada təyyarə və mühərrik servisi sahəsində mükəmməllik mərkəzi kimi mövqelərini gücləndirmək və Piaggio kimi tarixi bir markanı yenidən canlandırmaq olduğunu bildirib.
Şirkət həmçinin qeyd edib ki, bu birləşmə Türkiyə ilə İtaliya arasında sənaye sahəsində əməkdaşlığı daha da dərinləşdirəcək və aviasiya sahəsində dizayn və istehsala yeni nəfəs gətirəcək.
Sərvanə Rəmixanova