BAKI, 1 iyul. TELEQRAF
ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələri Tehranı nüvə silahı hazırlamağa məcbur edə bilər.
Teleqraf xəbər verir ki, bu fikir “The Wall Street Journal”da (WSJ) dərc olunan məqalədə deyilir.
İranla nüvə danışıqlarında ABŞ nümayəndə heyətinin keçmiş üzvü Alan Eyr deyib: “Paradoksal olaraq, biz nüvə obyektlərinə zərbələrlə iranlıları nüvə silahı yaratmağın zəruriliyinə daha çox inandırdıq”.
Onun fikrincə, Tehran indi proqramı necə bərpa etmək və ya yeni müdafiə strategiyası hazırlamaq barədə düşünür.
Nəşrin yazdığına görə, İranın siyasi rəhbərliyinin bir sıra nümayəndələri əmindirlər ki, nüvə bombası İsrail və ABŞ-ni ölkəyə qarşı yeni hücum cəhdlərindən çəkindirə biləcək yeganə silah olacaq.
WSJ-yə danışan ekspertlər iddia edirlər ki, İran uranın zənginləşdirilməsini davam etdirmək üçün texnoloji və istehsal imkanlarına malikdir, amma nüvə silahının hazırlanması üçün mümkün müddəti müəyyən etmək olduqca çətindir.
2003-cü ildən İranda ölkənin Ali rəhbəri Əli Xameneinin nüvə silahı istehsalını qadağan edən fətvası qüvvədədir. İran rəsmiləri dəfələrlə bunu əsas gətirərək, nüvə silahı yaratmaq niyyətində olmadıqlarını iddia ediblər.