AZ

Siyasi partiyalardan Rusiyadakı azərbaycanlılara qarşı vəhşiliyə REAKSİYA

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının xüsusi bölməsi  (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evlərinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar işgəncə ilə öldürülüb. Onlarla azərbaycanlıya ciddi bədən xəsarətləri yetirilib, 9 soydaşımız saxlanılıb.

Modern.az xəbər verir ki, Azərbaycandakı siyasi partiyalar da hadisəyə reaksiya veriblər.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, baş verənləri yalnız Rusiyada yaşayan azərbaycanlılara münasibət kimi dəyərləndirmək ciddi səhv olar:

"Bu, əslinə baxsaq, Rusiyanın Azərbaycana münasibətidir. Azərbaycan müstəqilliyi, suverenliyi istiqamətində çox ciddi işlər görülüb. 44 günlük Vətən Müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Ölkəmiz Türkiyə və Pakistanla strateji əməkdaşlığı yeni-yeni səviyyələrə qaldırdı. Biz Türkiyə və Pakistanla ciddi müttəfiqik. Eyni zamanda Azərbaycan Çin və ABŞ-la da ciddi strateji müttəfiqlik əlaqələri qurmaq istiqamətində addımlar atır. Azərbaycanın bu cür müstəqil siyasət yürütməsi onun güclənməsinə, beynəlxalq nüfuzunun artmasına gətirib çıxarır. Belə dövləti əlaltı etmək çox çətindir. Rusiyanın ərazisində yaşayan azərbaycanlılarla bağlı atdığı addımlar Azərbaycanla bağlıdır.
Rusların Azərbaycana qarşı iki təsir vasitəsi var. Bunlardan birincisi Azərbaycanın daxilindəki ruspərəst qüvvələrdir. Onlardan istifadə edib separatçı hərəkat başlada, ya da bir çaxnaşma yarada bilərlər. Bu, hələlik mümkün görsənmir. Rusiya talış, ləzgi kartlarından istiafdə edib. Ancaq bunların heç biri müvəfəqqiyyətli olmayıb. Digər yandan, Rusiya ərazisində yaşayan azərbaycanlıları ölkəmizə qarşı casusluq şəbəkəsinə qoşa, dövlətimiz əleyhinə istifadə edə bilərlər. Onlara ölkədən qovmaq hədə-qorxusu ilə, belə repressiv addımlar atmaqla göz dağı vermək istəyirlər. Bu, əslinə qalsa, Rusiya üçün normaldır. Rusiya terror dövlətidir. Öz vətəndaşlarına qarşı da bu cür cinayətlərə yol verir. Bu gün Ukraynada beynəlxalq hüquqa zidd olaraq, genosid xarakterli addımlar atır. Rusiya özü cinayətkar dövlət olduğuna görə, onun yalnız azərbaycanlılara qarşı vəhşilik etdiyini düşünmək düzgün deyil. Genosid, terror, represiya - bütün bunlar tarixdə olduğu kimi, indi də Rusiyanın xarici siyasətinin əsas əlamətlərindən biridir".

Partiya sədri vurğulayıb ki, Azərbaycan bu məsələdə olduqca təmkinli olmalıdır:

"Təbii ki, tökülən qanları yerdə qoymamaq lazımdır, lazım gələrsə, beynəlxalq məhkəmələrə müraciət edilməlidir. Cinayətkarların hamısı cəzalandırılmalıdır. Kimlərin bu sifarişi verdiyi müəyyən edilməlidir. Çox dinc üsulla Rusiyanın bu hərəkətinə cavab verilməlidir. Rusiya öz ərazisindəki azərbaycanlılara qarşı genosid siyasəti aparırsa, Azərbaycan da öz ərazisində rus dilində tədrisi qadağan etməlidir. Eləcə də Rusiyanın təsir dairələrini neytrallaşdırmalı, hakimiyyətdə olan və Rusiyanın maraqlarını müdafiə edən məmurları kütləvi şəkildə vəzifələrdən uzaqlaşdırılmalıdır. Bundan artıq Rusiyaya qarşı heç bir addım atılmamalıdır. Təbii ki, Pakistan və Türkiyənin imkanlarından istifadə edib Rusiyanın Azərbaycana qarşı atdığı bu addımlara müəyyən cavablar verə bilərik. İstər Pakistan, istərsə də Türkiyə bu məsələ ilə bağlı konkret mövqe ortaya qoya bilər ki, bu da düşünürəm ki, çox uğurlu olar".


Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Rusiyada soydaşlarımızın qətlə yetirilməsi və zorakılığa məruz qalması ilə bağlı rəhbərlik etdiyi təşkilatın mövqeyini açıqlayıb. O deyib:
 

"Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələrinin vəhşicəsinə və heç bir qayda-qanuna sığmayan zorakı davranışları, soydaşlarımızın qətlə yetirilməsi, həbs edilməsi, bu ölkənin yenə də şovinist, diskriminasiya və islamofob siyasəti apardığını sübut edir.

İşgəncə verməklə insanların qətlə yetirilməsi, reydlərin barbarcasına həyata keçirilməsi, onun əvvəlcədən dövlət qurumları tərəfindən sanksiyalaşdırıldığını və məqsədli şəkildə edildiyini göstərir.

Təəssüflə qeyd etmək lazımdır ki, dili, dini, kökləri eyni olan slavyan Ukrayna xalqına qarşı qəddar siyasət yürüdən Rusiya şəhər və kəndləri yer üzündən silir, soyqırımı həyata keçirir, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla vurur. Belə olduğu halda Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur və onun dövlət siyasətinin bir parçası olduğunu təsdiq edir.

Azərbaycan vətəndaşları Rusiyanın 20 Yanvar faciəsində, Xocalı soyqırımının törədilməsində iştirakını, torpaqlarımızın işğalının arxasında dayandığını unutmayıb. Hazırda torpaqlarımızın işğalına son qoyulmasını və Ermənistanla sülh müqaviləsinin imzalanmasını həzm edə bilməyən Rusiya Azərbaycana məxsus təyyarəni vurmaqla, azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti aparmaqla özünün bütün hiddət və iç üzünü açıb göstərir.

Ukrayna cəbhəsində apardığı müharibədə kifayət qədər itkilərə məruz qalan Rusiyanın öz qonşuları, xüsusilə də Azərbaycanla münasibətlərinin pozulmasına yönələn bu cür hərəkətləri ona fayda verə bilməz.

Rusiya nəhayət anlamalıdır ki, müasir dünyada orta əsrlərə məxsus zorakılığa, quldurluğa söykənən davranış və münasibətlər sistemi ona yeni bədbəxtliklər gətirir. Buna görə də, soydaşlarımıza qarşı törətdiyi, sivil dövlət anlayışı ilə bir araya sığmayan hərəkətləri birdəfəlik dayandırmalı, günahkarları cəzalandırmalı və zərərçəkənlərə dəymiş bütün maddi və mənəvi zərərin qarşılanmasını təmin etməlidir".


Ağ Partiya sədri Tural Abbaslı soydaşlarımıza qarşı atılan addımı Azərbaycana qarşı şantaj kimi dəyərləndirib:

“Rusiya Azərbaycan dövlətinə təzyiq etmək istəyəndə ərazisində yaşayan, işləyən, öz alın təri ilə pul qazanmaq istəyən insanlarımıza bu və ya digər formada təzyiqlər edir, onlara qarşı işgəncələr tətbiq edir, onları aşağılayır. Rusiya Azərbaycan dövlətini şantaj etməklə məşğuldur. Dünənki hadisəni mən məhz belə dəyərləndirirəm. Baş verənlər məni bir siyasətçi kimi çox hiddətləndirir".

T. Abbaslı Rusiya dövlətindən hesabat tələb etdiklərini söyləyib:

"Bu müraciətimizin onların önünə çıxacağını güman edirəm. Və güman edirəm ki, bu özbaşınalığa bir hesabat verəcəklər".


REAL Partiyasının sədri Natiq Cəfərlinin sözlərinə görə, Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlar təəssüf ki, nə ilk deyil, nə də son olacaq:

"Çar zamanı da, SSRİ vaxtı da, indiki Putin rejimində də heç nə dəyişməyib, eyni davranış kodlarıdır.

Ona görə də, Azərbaycan hökuməti “Vətənə qayıdış” proqramı qəbul etməlidir. Bizim işğaldan azad edilən torpaqlarımıza 2 milyon insan köçürmək kimi planımız olmalı, proqram həm də bu məqsədə xidmət etməlidir. Həmin torpaqlarda 2 milyon vətəndaşımız yaşamalıdır ki, o bölgələrin iqtisadi dividendini görək, başqa cür, yəni inzibati köç addımları ilə o gözəl torpaqlarımızı inkişaf etdirə bilməyəcəyik.

Soydaşlarımızın vətənə dönməsi üçün proqram hazırlanmalıdır, hökumət “papağını qabağına qoyub” düşünməlidir ki, niyə, nə səbəbə Rusiyadan çıxmağa məcbur qalan soydaşlarımız Qazaxıstanı, Özbəkistanı, hətta Belarusu seçir, amma öz vətəni ən son, özü də çarəsiz seçim olur – bu ayıb deyilmi?!"


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qeyd edib ki, Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlıların nümayişkəranə surətdə, işgəncə verilərək qətlə yetirilməsi bütün Azərbaycan ictimaiyyətini hiddətləndirib:

"Rusiyada yaşayan, işləyən qohumları, yaxınları olan hər kəs narahatlıq içindədir. Azərbaycan cəmiyyətinində mütləq əksəriyyət bu qətl aktını son dövrdə Rusiya hakimiyyət orqanlarındakı yüksək vəzifəli şəxslərin başlatdığı anti-Azərbaycan çıxışlarının tərkib hissəsi hesab edir.

Azərbaycan dövləti beynəlxalq hüququn və ikitərfli münasibətlərin verdiyi bütün imkanlardan istifadə edərək, bu alçaq cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinə və digər soydaşlarımıza münasibətdə təkrarlanmasının qarşısının alınmasına nail olmalıdır. Rusiyada dövlət terroru yaşayan soydaşlarımız bilməli, hiss etməli, görməlidir ki, onlar kimsəsiz, sahibsiz deyillər, millət və dövlət olaraq onların yanında, arxasındayıq.

Bu açıq - aydın etnik xarakterli, vəhşi cinayəti nifrət və qəzəblə pisləyir, qətl nəticəsində dünyasını dəyişmiş soydaşlarımızın yaxınlarına başsağlığı verir, səbr diləyirəm. Allah rəhmət eləsin".


Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, Yekaterinburqda azərbaycanlılara qarşı basqın dövlətin törətdiyi cinayətdir:

"Əgər bir şəxs günahkardırsa və ya hər hansı cinayət törədibsə, qanuna uyğun olaraq cəzasını almalıdır. Heç kimə ailəsinin gözü qarşısında adam öldürmək hüququ verilmir. Bunun yalnız bir adı var - vəhşilik”.

S.Rüstəmxanlı deyib ki, Orta Asiyadan türk miqrantları olmasa, Rusiya iqtisadiyyatı çökəcək və böyük itkilərlə üzləşəcək. Bunu hamı bilir və başa düşür. Amma yenə də türk xalqlarına qarşı düşmən münasibətini dəyişə bilmirlər.

"Mən bir daha Rusiya tərəfinin azərbaycanlılara qarşı cinayət əməllərini pisləyir və onlara mümkün qədər tez obyektiv qiymət verməyə çağırıram. Bu cinayəti törədənlər ciddi şəkildə cəzalandırılmalıdır”.
 

Hadisə ilə bağlı Ana Vətən Partiyası bəyanat yayıb.

“Ana Vətən Partiyası rəsmi Kreml tərəfindən soydaşlarımıza qarşı törədilən vandalizmi qətiyyətlə pisləyir və Rusiyanın siyasi rəhbərliyindən dövlətlərarası münasibətlərə zərbə vuran bu anti-insani hərəkətlərə son qoymağı və cinayət törədənlərin cəzalandırılmasını tələb edir",- bəyanatda deyilir.


Hadisə ilə bağlı Müsavat Partiyası Divanının İyunun 30-da keçirilən iclasında müzakirə aparılıb.

İclasda Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi, həbsləri, istintaq və məhkəmə proseslərində təzyiqlərə məruz qalması ilə bağlı məsələlər müzakirə olunub. Bu hadisələrin nə insanlığa, nə də beynəlxalq hüquqa uyğun olmadığı vurğulanıb.

Müzakirə iştirakçıları hakimiyyəti Rusiyanın şovinist təxribatlarına qarşı prinsipial mövqeni ardıcıl surətdə davam etdirməyə, soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün gərəkən addımların atılmasına çağırıb.

Seçilən
11
50
modern.az

10Mənbələr