Özbəkistan hökuməti tərəfindən görülən bütün lazımi tədbirlərə baxmayaraq, Səudiyyə Ərəbistanında builki Həcc ziyarəti zamanı ifrat istilər nəticəsində xroniki xəstəliyi olan 4 özbək dünyasını dəyişib.
Hafta.az-ın yazdığına görə, həmçinin Özbəkistan Müsəlmanlar İdarəsinin xəbərdarlıqlarına baxmayaraq, bu ölkəyə qeyri-qanuni Həcc ziyarətinə gedən daha 4 vətəndaş vəfat edib.
Bundan başqa, Həcc ziyarəti başa çatdıqdan sonra 40-dan çox zəvvar xaricə getmək üçün pasportlarını itirdiyinə görə Özbəkistana qayıtma şəhadətnaməsi almaq üçün Baş Konsulluğa müraciət edib.
Hesabatda bildirilir ki, builki Həcc mövsümündə Özbəkistandan olan 15 mindən çox zəvvarın Həcc mərasimlərini nizamlı və nümunəvi yerinə yetirmələri təmin edilib. Özbəkistanlı zəvvarların Səudiyyə Ərəbistanına gəlişi mayın 13-də başlayıb və mayın 30-dək davam edib. İyunun 12-də isə zəvvarların Özbəkistana dönüşü başlayıb. Sonuncu zəvvar qrupu iyunun 29-da təyyarə ilə vətənə dönüb.
Daşkəndin Yakkasaray rayonundakı Rəkat məscidinin imam-xətibi Rabbimkul Məhəmmədiyev də Mədinə şəhərində dünyasını dəyişib. O, mayın 23-də Daşkənddən olan 38-ci zəvvar qrupunun rəhbəri kimi Daşkənd-Mədinə marşrutu ilə yola düşüb. O, uçuş zamanı yuxuya gedib və oyanmayıb.
Mədinə Beynəlxalq Hava Limanında həkimlər Rabbimkulu müayinə edən zaman o, huşsuz vəziyyətdə olub və suallara cavab verməyib və dərhal klinikaya yerləşdirilib. Ona beyin qan dövranının kəskin pozulması, beyin sapının strukturlarında dəyişiklik, beyin ödemi diaqnozu qoyulub. O, mayın 24-də əməliyyat olunub, lakin vəziyyəti ciddiliyini saxlayıb və mayın 26-da dünyasını dəyişib.